21:35

Apple iPhone-un 20 illik yubileyi üçün 4 prototip hazırlayır

    “Apple” 20 illik yubiley modeli üçün 4 fərqli “iPhone” prototipi hazırlayır. Gözlənilir ki, cihazlar 2027-ci ilin payızında təqdim olunsun və indiki modellərdən xeyli fərqlənsin. Prototiplərdən 2-sində düz, digər 2-sində isə hər tərəfə əyilən şüşə var. Son adlar təsdiqlənməsə də, modellər hələlik “iPhone 20” və “iPhone 20 Pro” kimi tanınır.Apple iPhone-un 20 illik yubileyi üçün 4 prototip hazırlayır    Əyri şüşəli dizayn üzərində iş təxminən 3 ildir davam edir və bu müddətdə bir neçə dəyişiklik edilib. İlkin prototiplərdə əyrilik daha kəskin olub, lakin sonrakı versiyalarda bu görünüş bir qədər yumşaldılıb. İnternetdə yayılan videodakı 4 tərəfdən əyri şüşənin də erkən prototipə aid olduğu deyilir. “Apple” şüşənin nə qədər əyri olacağını hələ də dəqiqləşdirir.    Əyri şüşəli modellərdə ekran çərçivəsinin qalınlığı təxminən 1 mm-dir. Şüşə ekranın bütün kənarlarına doğru əyildiyindən ön tərəfdən baxanda çərçivə demək olar görünmür. Ekran əslində çərçivəsiz olmasa da, telefon tam şüşədən hazırlanmış kimi görünə bilər. “Apple” bu dizaynla “Apple Watch” modellərindəki görünüşü daha böyük ekrana daşımaq istəyir.    “Apple”ın niyə 4 prototip hazırladığı hələ bilinmir. Ehtimallardan birinə görə, düz və əyri şüşəli versiyalar “Pro” və “Pro Max” ölçülərində sınaqdan keçirilir. Digər ehtimal budur ki, düz şüşəli cihazlar daha sonra çıxacaq adi “iPhone 20” modelləridir. Şirkət adətən prototiplərin rahatlığını, davamlılığını və istehsala uyğunluğunu yoxlayandan sonra son dizaynı seçir.    Sızan məlumatlara görə, sənaye nümayəndələri yubiley modellərinə yeni “iPhone Duo”dan daha çox maraq göstərirlər. Ancaq “Apple” layihəni və modellərin sayını rəsmən təsdiqləməyib. Buna görə cihazların sayı, adları və şüşə quruluşu hələ dəyişə bilər. Hazırkı plan gerçəkləşsə, bu seriya “iPhone X”dən sonra standart “iPhone” dizaynındakı ən böyük dəyişiklik olacaq.