15:17

Apple şirkəti Apple Music üçün videolu karaoke funksiyası hazırlayıb

    “Apple” şirkəti “Apple Music” üçün “Selfie Sing” adlı yeni karaoke funksiyası hazırlayıb. İstifadəçilər başqa tətbiqə ehtiyac duymadan öz ifalarını videoya çəkə biləcəklər. Hazırda sınaqdan keçirilən funksiya “iOS 27.3” yeniləməsi ilə çıxacaq. Çəkilən karaoke videolarını birbaşa paylaşmaq da olacaq.    “Selfie Sing” işə salındıqda telefonun kamerası istifadəçini çəkəcək, mahnının sözləri də eyni anda ekranda yuxarı doğru hərəkət edəcək. Funksiya “Apple Music” kataloqundakı bütün mahnılarla işləməyəcək. Xidmətdə bunun üçün ayrıca pleylist olacaq və istifadəçi uyğun mahnını həmin siyahıdan seçəcək.    İlk pleylistə Kelly Clarkson-un “Since U Been Gone”, One Direction-ın “What Makes You Beautiful” və Madonnanın “Like a Virgin” mahnıları daxildir. Siyahıda Britney Spears-ın “Baby One More Time” və Dolly Parton-un “9 to 5” mahnıları da var. Mahnı seçildikdən sonra kameranı açmaqla çəkiliş başlayacaq. Hazır videonu yadda saxlamaq və dostlarla paylaşmaq olar.    İstifadəçi səs səviyyəsini dəyişə, “Megaphone”, “Echo”, “Concert Hall” və “Studio” effektlərini seçə biləcək. “Apple Music”də 2022-ci ildə çıxan “Sing” funksiyası mahnıdakı əsas vokalın səsini azaltmağa şərait yaradırdı. “Selfie Sing” buna video çəkilişini də əlavə edir. Animoji ilə çəkiliş etmək olmayacaq.    “iOS 27.3” yeniləməsinin dekabrda geniş istifadəyə verilməsi gözlənilir. Yeniləmədə “Siri” üçün əlavə süni intellekt funksiyaları və yenilənmiş “Health” tətbiqi də olacaq.