08:32

Apple Watch-a görə Apple-ın ödəyəcəyi təzminat 818 milyon dollara çatdı

Apple ağıllı saatlarında istifadə etdiyi ürək ritminin ölçülməsi texnologiyası ilə bağlı patent məhkəməsində növbəti maliyyə öhdəliyi ilə üzləşib. Şirkətin daha əvvəl ödəməsinə qərar verilən 634 milyon dollarlıq təzminata əlavə 184 milyon dollar faiz hesablanıb. Nəticədə Apple-ın Masimo şirkətinə ödəməli olduğu ümumi məbləğ 818 milyon dollara yüksəlib.

Məhkəmə mübahisəsinin əsasını Apple Watch modellərində istifadə olunan ürək ritminin monitorinqi texnologiyaları ilə bağlı Masimo şirkətinə məxsus patentlər təşkil edir. Ötən ilin noyabrında keçirilən məhkəmə prosesində andlılar heyəti Apple-ın sözügedən patentləri pozduğu qənaətinə gəlib və Masimo-nun xeyrinə 634 milyon dollar təzminat müəyyən edib.

Lakin bununla məhkəmə prosesi yekunlaşmayıb. Təzminat məbləğinə faiz əlavə edilməsi məsələsi də ayrıca müzakirə olunub. Apple bu tələbə qarşı çıxaraq əlavə faiz ödənişinin Masimo üçün əsassız maliyyə üstünlüyü yaradacağını müdafiə edib.

İşə baxan hakim Ceyms Selna isə Apple-ın etirazını rədd edib. Hakim ABŞ Ali Məhkəməsinin əvvəlki qərarlarına istinad edərək patent sahibinin vaxtında ala bilmədiyi ödənişlərə görə yaranan maliyyə itkisinin faiz hesablanması yolu ilə kompensasiya edilməli olduğunu bildirib.

Bununla belə, məhkəmə Masimo-nun tələb etdiyi faiz dərəcəsini də qəbul etməyib. Şirkət təzminata illik 7 faiz tətbiq olunmasını istəyirdi. Bu halda Apple əlavə olaraq təxminən 243 milyon dollar ödəməli olacaqdı.

Hakim isə faiz hesablamasının Masimo-nun öz borclanma xərcləri əsasında aparılmasına qərar verib. Faiz patent pozuntusunun başladığı tarixdən etibarən illik mürəkkəb faiz üsulu ilə hesablanıb.

Nəticədə ilkin 634 milyon dollarlıq təzminata 184 milyon dollar faiz əlavə olunub və Apple-ın Masimo-ya ödəməli olduğu ümumi məbləğ 818 milyon dollara çatıb.