14:06

Apple Watch-da söhbət xülasəsi və son 15 saniyəni mətnə çevirmə sınaqdadır

    “Apple” “Apple Watch” üçün süni intellektlə işləyən “Audio Intelligence” funksiyalarını beta sınağına çıxarıb. Tərtibatçılar üçün yayımlanan “watchOS 27.3” beta versiyasına “Siri Recap” və “Live Rewind” əlavə olunub. Sentyabrda elan edilən bu funksiyalar yalnız “Apple Watch Series 12” və “Apple Watch Ultra 4” modellərində işləyir. İctimai beta sınağı daha sonra başlayacaq.Apple Watch-da söhbət xülasəsi və son 15 saniyəni mətnə çevirmə sınaqdadır    Sistemdə istifadəçinin istəyi ilə aktivləşdirilən 4 funksiya var. Səs tanıma funksiyası siren, siqnal, qapı zəngi və körpə ağlaması kimi səsləri ayırd edir. Bu, eşitmə çətinliyi olan insanlara kömək edə bilər. Mahnı tanıma funksiyası “Shazam” ilə arxa fonda səslənən musiqinin adını və ifaçısını tapır. Digər 2 funksiya söhbətləri qısaca xülasə edir və istifadəçinin eşitmədiyi hissəni mətn kimi göstərir.    “Live Rewind” söhbətin son 15 saniyəsini mətnə çevirir. İstifadəçi “Digital Crown” düyməsini 2 dəfə basaraq həmin parçanı görə bilər. Mətn haqqında “Siri”yə sual vermək və ya onu daha sonra baxmaq üçün saxlamaq da olur. Saxlanmayan parça 30 saniyədən sonra avtomatik silinir. Funksiya açılanda saat səssiz rejimdə olsa da siqnal verir, ekranda animasiya və mikrofon işarəsi görünür.    “Siri Recap” söhbətin bütün sözlərini yazmır, yalnız qısa başlıq və əsas məqamları hazırlayır. Xülasəyə tarixlər, son müddətlər, qiymətlər və görüləcək işlər daxil ola bilər, amma danışanların kimliyi göstərilmir. Qeydləri “Notes” və “Journal” tətbiqlərinə göndərmək olur. Saxlanmayan xülasələr 7 gün ərzində avtomatik silinir. Sistem günün sonunda və səhər saat açılanda istifadəçiyə həmin xülasələrə baxmağı xatırladır. Funksiyanı əl ilə açmaq və müəyyən saatlara qurmaq olar.    “Apple”ın məlumatına görə, sistem xam səsi yazmır və daimi saxlamır. “Siri Recap” maliyyə və şəxsiyyət məlumatlarını, hesaba giriş detallarını, eləcə də özünə zərəri təşviq edən məzmunu xülasəyə daxil etmir. Musiqi dinlənərkən və ya səsboğma rejimi açıq olduqda söhbətlər xülasə edilmir. İstifadəçi hər funksiyanı ayrıca söndürə bilər. Əvvəlcədən qurulmuş xülasəni “Control Center” bölməsindən dayandırmaq da olur.    Məlumatların işlənməsi “Apple Watch”dakı “S11” çipi, qoşulmuş “iPhone” və “Private Cloud Compute” bulud sistemi arasında bölünür. Saat söhbəti müəyyən edir və xam səs qorunan yaddaşda işlənir. Telefon artıq sözləri çıxarıb mətni qısaldır. Daha sonra şifrələnmiş mətn xülasə hazırlanması üçün buluda göndərilir. Nəticə geri qaytarıldıqdan dərhal sonra buluddakı məlumat silinir.    Xam səsə əməliyyat sistemi və tətbiqlər daxil ola bilmir. Qeydlər cihazlar arasında şifrəli formada ötürülür. “Apple” da həmin qeydlərə baxa bilmir.    Funksiyaların işləməsi üçün “Apple Intelligence” aktiv edilmiş uyğun “iPhone” lazımdır. Siyahıya “iPhone 16” və daha yeni modellər daxildir, amma “iPhone 16e” istisnadır. “Siri Recap” və “Live Rewind” ilk mərhələdə yalnız ingilis dilində işləyəcək. Funksiyalar Avropa İttifaqında açılmayacaq və gündəlik istifadə limiti olacaq. “Apple”ın iddiasına görə, bu imkanlar saatın və telefonun batareya müddətinə təsir etməyəcək.