19:13
Apple yeni satış rekordu qırdı – iPhone gəlirləri 17% artdı

Apple 2026-cı maliyyə ilinin dördüncü rübü üzrə hesabatını açıqlayıb. Qiymətlərin artmasına, baza modelinin olmamasına və qatlanan iPhone Duo-nun məhdud sayda satışa çıxmasına baxmayaraq, şirkət sentyabr rübündə iPhone satışları üzrə yeni rekorda imza atıb.

Hesabata əsasən, iPhone satışlarından əldə olunan gəlir 57,58 milyard dollara çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17% artım deməkdir. Apple-ın ümumi gəliri 12% yüksələrək 114,5 milyard dollar olub, xalis mənfəəti isə 30,71 milyard dollar təşkil edib. Digər məhsul istiqamətlərində nəticələr fərqli olub. iPad satışlarından gəlir 10% azalaraq 6,23 milyard dollara düşüb. Mac bölməsi isə 24% artımla 10,79 milyard dollar gəlir gətirib.
Apple 2026-cı maliyyə ili ərzində tədqiqat və inkişafa rekord həcmdə — 45,77 milyard dollar vəsait xərcləyib. Bu, əvvəlki illə müqayisədə 32% çoxdur. Təkcə son rübdə bu istiqamətə 11,73 milyard dollar ayrılıb. iPhone, Mac və iPad modellərinin tədarükündəki məhdudiyyətlərə baxmayaraq, Apple növbəti rübdə də yeni rekorda imza atmağı gözləyir. Maliyyə direktoru Kevan Parex bayram mövsümünü əhatə edən rübdə gəlirin illik müqayisədə 7–10% artacağını və şirkət tarixində ən yüksək səviyyəyə çatacağını proqnozlaşdırır.
Bununla belə, şirkət iPhone Duo-nun çatışmazlığı və məhsulların rentabelliyinə təzyiq göstərən komponent qiymətlərinin artmasının nəticələri müəyyən qədər məhdudlaşdıra biləcəyini də etiraf edir.
2026-cı maliyyə ilinin yekununda Apple-ın ümumi gəliri rekord həddə — 479 milyard dollara çatıb.
