18:47

Aqara-nın 6 yeni ağıllı işıqlandırma cihazı 41 manatdan satışa çıxdı

    “Aqara” qlobal bazarda 6 yeni ağıllı işıqlandırma məhsulunu satışa çıxarıb. Bütün cihazlar “Apple Home” sistemini dəstəkləyir və Matter ağıllı ev standartına uyğundur. Onları “Amazon Alexa”, “Google Home”, “Samsung SmartThings”, “Home Assistant” və “Homey” sistemlərindən də idarə etmək olur.    Yeni seriyadakı şaquli döşəmə lampasında 18 ayrıca idarə olunan işıq zonasına bölünmüş işıqlandırma var. Hər zonanın rəngini və parlaqlığını ayrıca dəyişmək olur. Seriyaya rənglər arasında yumşaq keçidlər yaradan, hərəkətli işıq effektləri göstərən və musiqiyə uyğun işləyən LED lent də daxildir.    Uyğun sensor qoşulduqda bütün yeni məhsullar “Aqara”nın “məkan intellekti” adlandırdığı funksiya ilə işləyir. Məsələn, “FP400” sensoru otaqda insanın olub-olmadığını, yerini və hansı istiqamətdə hərəkət etdiyini müəyyənləşdirir. Beləliklə, şəxs divandan yemək masasına keçərkən işıqlar onun hərəkətinə uyğun avtomatik yanıb-sönə bilər.    Süni intellektə əsaslanan aşkarlama sistemi ev heyvanları, hava axını və robot tozsoranlar səbəbindən işıqların səhvən işə düşməsini azaldır. Cihazlardakı sensor otağın nə qədər işıqlı olduğunu da ölçür. Ağıllı ev ssenariləri həm insanın hərəkətinə, həm də otaqdakı işıq səviyyəsinə uyğun işə düşür.    Yeni lampaların qiyməti 24 dollardan (təxminən 41 manat) başlayır. Daimi quraşdırma üçün hazırlanmış xarici məkan işığının uzunluğu təxminən 30 metrdir. Onun qiyməti 320 dollardır (təxminən 544 manat). Məhsullar “Amazon” mağazasında ayrıca bölmələrdə göstərilmir. Onları səhifənin yuxarı hissəsindəki ümumi təsvir bölməsindən seçmək lazımdır.