15:11

AZMİU tələbələri süni intellekt və yeni texnologiyalar üzrə təlimdə iştirak ediblər | TechConnect 2026, Alas Academy

AZMİU-da “TechConnect Week 2026” çərçivəsində süni intellekt təlimi keçirilib.

Noyabrın 4-də Azərbaycan Memarlıq və İnşaat Universitetində (AZMİU) “TechConnect Week 2026” çərçivəsində tələbələr üçün süni intellekt mövzusunda təlim təşkil olunub. Görüşdə “North West” şirkətinin AI mühəndisi Natiq Məmişov tələbələrlə görüşərək öz təcrübəsini bölüşüb.

“AzInTelecom” şirkətinin sponsorluğu, “Alas Academy”nin əsas təşkilatçılığı və “Yusifli Tech”in dəstəyi ilə keçirilən təlimdə süni intellektin bu gün hansı sahələrdə istifadə olunduğu, iş proseslərini necə dəyişdirdiyi və yeni imkanlar yaratdığı barədə danışılıb.

Natiq Məmişov müasir AI alətlərinin tətbiqi, onların gündəlik işdə istifadəsi və süni intellekt sahəsində karyera qurmaq istəyənləri gözləyən imkanlardan bəhs edib. Təlim zamanı tələbələr də müzakirələrə qoşulub, spikerə suallar ünvanlayıb və maraqlandıqları mövzular ətrafında fikir mübadiləsi aparıblar.

Görüşün sonunda iştirakçılara “Alas Academy” tərəfindən hazırlanmış pocket folderlər və sertifikatlar təqdim olunub. Tələbələr arasında, həmçinin “Alas Academy”nin təhsil endirimi kuponları və “AzInTelecom”un hədiyyələri paylanılıb.

Xatırladaq ki, 2–7 noyabr tarixlərində keçirilən “TechConnect Week 2026” çərçivəsində 10-a yaxın ali təhsil müəssisəsində tələbələr üçün təlimlər və praktiki məşğələlər təşkil olunub. Proqram gənclərin texnologiya sahəsində biliklərini artırmaq və onları bu sahədə çalışan mütəxəssislərlə bir araya gətirmək məqsədi daşıyır.

Həftənin əsas tədbiri olan “TechConnect 2026” noyabrın 7-də “Baku Events Hall”da keçirilib. “Touch the Future” şüarı ilə baş tutan tədbirdə 30-dan çox spiker, 20-dən çox tərəfdaş və 500-dən çox iştirakçı bir araya gəlib. Tədbir və proqram haqqında ətraflı məlumatı TechConnect-in rəsmi saytından əldə etmək mümkündür.