14:31
AzTU-da 100-dən çox tələbə üçün süni intellekt təlimləri | TechConnect 2026, Alas Academy
AzTU-da “TechConnect Week 2026” çərçivəsində 100-dən çox tələbə üçün AI təlimləri təşkil olunub.
Süni intellekt və data texnologiyalarının yaratdığı imkanlar noyabrın 4-də Azərbaycan Texniki Universitetində (AzTU) keçirilən “TechConnect Week 2026” təlimlərinin əsas mövzusu olub. Tədbirə 100-dən çox tələbə qatılaraq sahə mütəxəssislərinin təqdimatlarını dinləyib, suallarını ünvanlamaq və yeni biliklər əldə etmək imkanı qazanıb.
“AzInTelecom” şirkətinin sponsorluğu, “Alas Academy”nin əsas təşkilatçılığı və “Yusifli Tech”in dəstəyi ilə baş tutan təlimlərdə “Alas Academy”nin müəllimi, AYNA-da “Data Science” komandasının rəhbəri Tərlan Cəbiyev və “North West” şirkətinin AI mühəndisi Natiq Məmişov iştirak ediblər.
Spikerlər çıxışlarında süni intellektin gündəlik iş proseslərində və müxtəlif peşə sahələrində istifadəsindən, data science istiqamətinin inkişafından, müasir AI alətlərinin imkanlarından danışıblar. Tələbələr həmçinin bu sahələrdə işləmək üçün tələb olunan bilik və bacarıqlar, karyera imkanları və texnologiya sektorunda baş verən dəyişikliklər barədə məlumat əldə ediblər.
Təqdimatlardan sonra keçirilən sual-cavab sessiyalarında tələbələr mövzularla bağlı maraqlandıqları məqamları spikerlərlə müzakirə ediblər. Beləliklə, görüş yalnız təqdimatlarla məhdudlaşmayıb, qarşılıqlı fikir və təcrübə mübadiləsi üçün də fürsət yaradıb.
Tədbirə qatılan tələbələrə “Alas Academy” tərəfindən xüsusi “pocket folder”lər və sertifikatlar təqdim olunub. İştirakçılar arasında, həmçinin “Alas Academy”nin təhsil endirimi kuponları və “AzInTelecom”un hədiyyələri paylanılıb.
Xatırladaq ki, 2–7 noyabr tarixlərini əhatə edən “TechConnect Week 2026” müxtəlif universitetlərdə tələbələri texnologiya sahəsinin mütəxəssisləri ilə görüşdürməyi, onların süni intellekt və yeni texnologiyalar üzrə biliklərini genişləndirməyi hədəfləyib. Proqram çərçivəsində 10-a yaxın ali təhsil müəssisəsində təlimlər və praktiki məşğələlər təşkil olunub.
Həftənin əsas tədbiri olan “TechConnect 2026” isə noyabrın 7-də “Baku Events Hall”da keçirilib. “Touch the Future” şüarı altında təşkil olunan tədbirdə 30-dan çox spiker, 20-dən çox tərəfdaş və 500-dən çox iştirakçı bir araya gəlib.
