13:01

Binance 6,34 milyard dollarlıq kripto oğurluğunun detallarını açıqladı

    “Binance” 3 noyabrda yaydığı təhlükəsizlik hesabatında 29 oktyabr kiberhücumunun necə baş verdiyini açıqlayıb. Aylarla hazırlanan və bir neçə mərhələdən ibarət əməliyyat zamanı təxminən 6,34 milyard dollar (təxminən 10,78 milyard manat) dəyərində kriptovalyuta oğurlanıb. Şirkətə görə, bu, tək bir sistem boşluğundan və ya sadə fişinq üsulundan qaynaqlanmayıb. ABŞ-nin Federal Təhqiqat Bürosu 1 noyabrda hücumu Şimali Koreyanın “TraderTraitor” adlı fəaliyyəti ilə əlaqələndirib.Binance 6,34 milyard dollarlıq kripto oğurluğunun detallarını açıqladı    İlk məlum müdaxilə iyunda olub. “Binance”ın kriptovalyuta pul kisələri üzrə DevOps komandasında işləyən mühəndis internetdə süni intellektlə kod yazmağa kömək edən məşhur alət axtararkən zərərli “Homebrew” quraşdırıcısını endirib. “Homebrew” proqramçıların “macOS” sistemində müxtəlif alətləri quraşdırıb idarə etdiyi proqramdır. Təhlükəsizlik komandası kompüteri dəyişib və giriş məlumatlarını yeniləyib. Ancaq hücumçular həmin vaxta qədər əməkdaşın vəzifəsini və həmkarlarını müəyyənləşdiriblər. Zərərli faylların saxlandığı qovluq hücumun M seriyalı “MacBook” kompüterində baş verdiyini göstərir.    Sentyabrda başqa bir “Binance” mühəndisi qanuni iş axtarışı platformasında özünü layihə direktoru kimi göstərən şəxsdən təklif alıb. Saxta işəgötürən 2 müsahibə keçirib. Görüşlərin birində HR nümayəndəsi canlı videozəngə qoşulub və şəxsi foto, eləcə də videoların olduğu sosial media hesabını göstərib. Digər görüşdə mövcud olmayan şirkətin guya baş direktoru iştirak edib. Sonda mühəndisdən iş kompüterinə kod tapşırığı yükləməsi istənilib. Tapşırıqda gizlədilən zərərli kod “Python” versiyalarını idarə edən “pvenv” alətinin normal hissəsini əvəz edib. Kompüterdəki təhlükəsizlik sistemi bunu aşkarlamayıb.    Bu müdaxilələr 20 oktyabrda nəticə verməyə başlayıb. Hücumçular yoluxmuş kompüterdən və şirkətin daxili süni intellekt alətindən yararlanaraq pul kisələri üzrə çalışan 2 mühəndisin cihazını nəzarətə götürüblər. İyunda hədəfə alınan kompüterdə proqram quraşdırmağa icazə verən giriş açarını da tapıblar. Daha sonra 29 oktyabrda oğurlanmış məlumatlarla başqa mühəndisin kompüterinə daxil olaraq zərərli skripti işə salıblar. Bununla daxili imzalama xidmətinə giriş əldə edib və 5 isti pul kisəsindən əməliyyat aparmağa imkan verib.Binance 6,34 milyard dollarlıq kripto oğurluğunun detallarını açıqladı    Hadisədən sonra “Binance” 2,85 milyard dollar (təxminən 4,85 milyard manat) dəyərində aktivi dondurduğunu və ya köçürülməsinin qarşısını aldığını açıqlayıb. Təsirlənən vəsaitin 98 faizi bərpa olunub. Şirkət maliyyə yükünü öz üzərinə götürəcək və istifadəçilərin itkilərini ödəyəcək. Şimali Koreya Amerika tərəfinin ittihamını əsassız adlandırıb və hücumla əlaqəsi olmadığını deyib.    Hücumda işlədilən üsullar Şimali Koreya ilə əlaqələndirilən əvvəlki kampaniyalara bənzəyir. “WaterPlum” qrupu sentyabrda saxta iş elanları və kod testləri ilə 100 ölkədə 30 mindən çox cihazı yoluxdurub. Qrup 7000-dən artıq kriptovalyuta pul kisəsinə də müdaxilə edib. 2024-cü ildə “Python” proqramçılarını hədəf alan oxşar kampaniya “Lazarus” qrupu ilə əlaqələndirilib. Həmin qrupun adı 2025-ci ildə “Bybit” birjasından 1,5 milyard dollar (təxminən 2,55 milyard manat) oğurlanan hücumda da çəkilib. Kod testlərində Base64 formatında gizlədilən zərərli proqram hücumçulara kompüterə uzaqdan giriş verirdi.