08:25

Chevrolet Silverado sürücüsüz hərbi avtomobilə çevrildi: 3,6 ton yük daşıya bilir

General Motors-un müdafiə sənayesi üzrə fəaliyyət göstərən GM Defense şirkəti Chevrolet Silverado 3500HD modeli əsasında hazırladığı yeni pilotsuz quru nəqliyyat vasitəsini təqdim edib. Oktyabrın 12-də AUSA 2026 sərgisində nümayiş etdirilən konsept hərbi logistika və yaralıların təxliyəsi üçün nəzərdə tutulub.

GM Defence-in məlumatına görə, yeni avtomobil Silverado 3500HD pikapının platforması üzərində qurulub və arxa oxda qoşa təkərlərlə təchiz edilib. Ənənəvi idarəetmə mexanizmlərinin bir hissəsi elektron sistemlərlə əvəzlənib. Bu isə avtomobilin sürücü müdaxiləsi olmadan idarə edilməsinə imkan yaradır.

Avtonom hərəkətə Scout AI şirkətinin Gx Ground Agent sistemi cavabdehdir. Bu texnologiya avtomobilin hərəkətini və tapşırıqların yerinə yetirilməsini avtomatlaşdırmaq üçün nəzərdə tutulub.

Konseptin əsas üstünlüklərindən biri yüksək yükdaşıma qabiliyyətidir. GM Defense-in açıqladığı məlumatlara görə, avtomobil təxminən 3629 kiloqram, yəni 3,6 ton yük daşıya bilir. Bundan əlavə, platformada 100 kVt·saat tutumlu batareya nəzərdə tutulub.

Avtomobilin konstruksiyası müxtəlif hərbi avadanlıqların quraşdırılmasına imkan verir. Açıq interfeyslər sayəsində platforma konkret tapşırığa uyğunlaşdırıla bilər. Elektrik təchizatı sistemi isə avtomobilə quraşdırılan əlavə avadanlıqların enerji ilə təmin edilməsini dəstəkləyir.

GM Defense yeni platformadan xüsusilə səssiz logistika əməliyyatlarında istifadə etməyi planlaşdırır. Belə avtomobillər hərbi yüklərin daşınması və yaralıların təhlükəli ərazilərdən çıxarılması zamanı şəxsi heyətin riskini azaltmağa kömək edə bilər.

Layihə hələ inkişaf mərhələsindədir. Şirkət texnologiya nümayişi üçün hazırlanan prototipi 2027-ci ilin iyununa qədər hərbçilərin istifadəsinə hazır vəziyyətə gətirməyi hədəfləyir.

Hələlik avtomobilin bir enerji doldurma ilə qət edə biləcəyi məsafə, batareyanın doldurulma müddəti və yekun güc qurğusu barədə məlumat açıqlanmayıb.