11:00
Cisco Talos süni intellektlə qurban profili yaradan zərərli proqram tapdı

Kibertəhlükəsizlik tədqiqatçıları “Volta-Autodoxer” adlı yeni məlumat oğurlayan zərərli proqram aşkarlayıblar. Proqram topladığı məlumatları süni intellektlə təhlil edib hər qurban üçün profil yaradır. Sonra cinayətkarlar üçün daha dəyərli görünən hədəfləri önə çıxarır. “Cisco Talos” proqramı süni intellektli hücum alətlərini aşkarlayan “CAIRN” sistemi ilə tapıb. Ancaq “Volta-Autodoxer”in real hücumlarda işlədildiyi hələ təsdiqlənməyib.
“Volta” brauzerlərdə saxlanan parolları, “Microsoft” hesablarına girişə yarayan OAuth tokenlərini, kukiləri, ödəniş kartı məlumatlarını və kriptovalyuta cüzdanlarının bərpa sözlərini toplayır. Proqram “Discord”, “Telegram”, “Steam” və “Roblox”dakı açıq sessiyaları da ələ keçirə bilir. Bu tip zərərli proqramlar son illərdə yüz milyonlarla giriş məlumatını oğurlayıb. “Snowflake”lə bağlı olub “AT&T” və “Ticketmaster”a təsir edən məlumat sızmaları, eləcə də 1 TB həcmində “Disney” məlumatının oğurlanması belə giriş məlumatları ilə əlaqələndirilir. İlkin məlumatları toplayan “Volta” daha sonra ətraflı axtarış aparır. “Gmail” kimi əsas hesabları yoxlayaraq qurbanın harada yaşadığı, vərdişləri və alış tarixçəsi barədə daha geniş profil hazırlayır. Bunun üçün “UberEats” və “DoorDash” qəbzlərinə, eləcə də sifariş tarixçəsinə baxır. Sonda bütün məlumatları nizamlanmış dosye şəklində mətnləri təhlil edən süni intellekt modellərinə göndərir. Beləliklə, cinayətkarların hər qurbanı ayrıca araşdırmasına ehtiyac azalır. Məlumatların təhlili müxtəlif süni intellekt xidmətlərinə sorğu göndərən “OpenRouter” üzərindən aparılır. “Volta” əvvəlcə “Anthropic”in “Claude Opus 4.6” modelinə müraciət edir. Model sorğunu bloklayarsa, proqram “Moonshot AI”ın “Kimi K2” modelini, ardından “Google”ın “Gemini 2.5 Flash” modelini sınayır. Süni intellektə qoşula bilməsə belə, adi məlumat oğurlayan proqram kimi işləməyə davam edir. Proqramdakı 240 sözlük təlimat dil modelindən qurban haqqında cinayətkarlara yön verəcək xülasə hazırlamağı istəyir. Buraya şəxsin fəaliyyəti, maddi dəyəri və təhlükəsizlik vərdişlərinin qiymətləndirilməsi daxildir. Model müxtəlif məlumatlar arasında əlaqə də axtarır. Məsələn, simsiz şəbəkənin parolunun qurbanın soyadı ilə uyğun olub-olmadığını yoxlayır. Tədqiqatçıların fikrincə, təlimat açıq cinayət niyyəti hiss olunmayacaq şəkildə yazılıb. Kodun quruluşu “Volta”nın müxtəlif hücumçulara satılmaq üçün hazırlanmış ola biləcəyini göstərir.
