16:25
Claude Code süni intellekt köməkçisi Mac-də gizli kriptomayner aşkarlayıb

“Claude Code” proqramçıya temperaturu izləyən tətbiq hazırlamaqda kömək edərkən onun “Mac” kompüterində gizli kriptomayner tapıb. Süni intellekt istifadəçiyə bu proqramı özünün quraşdırmadığını deyib. Məlum olub ki, kompüterin həddən artıq qızmasına və çox yavaş işləməsinə məhz bu proqram səbəb olur. İstifadəçi problemi araşdırmaq üçün temperatur göstəricilərini agentə göndərmişdi. Agent temperaturun niyə normadan çox yüksək olduğunu araşdıraraq əsas səbəbi tapıb. Prosessorun temperaturu 112 dərəcə Selsiyə qədər yüksəlib. “xmrig” adlı proses prosessorun gücündən 1175% istifadə edib, yəni təxminən 12 nüvəni tam yükləyib. Ekran görüntüsündəki məlumatlara görə, kriptomayner avqustun 29-da kompüter açılan kimi işə düşən proqramlar siyahısına əlavə olunub. “Claude Code” müəyyən edib ki, kriptomayner “Apple Silicon” əsaslı kompüterdə gizlənib və hər açılışda avtomatik başlayır. Agent istifadəçinin icazəsi olmadan prosesi dayandırmayıb və faylları silməyib. Əvəzində proqramın avtomatik başlamasını söndürməyi, mayneri dayandırmağı və onunla bağlı faylları karantin qovluğuna köçürməyi məsləhət görüb. İstifadəçi daha sonra təmizləməyə razılıq verib. İstifadəçinin sözlərinə görə, “Claude Code” zərərli proqramın böyük hissəsini uğurla silib. Giriş icazəsi ilə bağlı problemə görə yalnız 1 faylı əl ilə silmək lazım gəlib. Daha sonra təmizləmənin nəticəsini yoxlamaq üçün sistem “Malwarebytes” proqramı ilə skan edilib. Kriptomaynerin kompüterə necə düşdüyü və skanın yekun nəticəsi açıqlanmayıb.
