17:48
Envision Çində 800 MVt-lıq süni intellekt məlumat mərkəzi tikir

“Envision” Daxili Monqolustanda 800 MVt gücündə “Galaxy” süni intellekt (AI) məlumat mərkəzi kampusu tikir. Ulanqab şəhərindəki layihənin 2027-ci ilin sonunadək tamamlanması gözlənilir. Kampus miqyasına görə ABŞ-dəki təxminən 820 MVt gücündə “Stargate” kampusuna yaxın olacaq. Layihənin ilk 120 MVt-lıq hissəsi 1 ildən az müddətdə qurulub. Hesablamalara görə, bu hissəyə ABŞ-dəki oxşar layihələrin xərcinin təxminən 20 faizi qədər vəsait xərclənib.
Kampus 4 mərhələdə tikilir və adı açıqlanmayan 2 internet şirkəti üçün hazırlanır. “Envision” elektrik enerjisi üçün yalnız yerli şəbəkəyə güvənmir. Obyektin yanında külək stansiyaları, enerjini saxlamaq üçün batareya sistemləri və ayrıca enerji infrastrukturu qurulur. ABŞ-dəki layihələrdə elektrik şəbəkəsinin məhdudiyyətlərinə görə qaz turbinləri seçilib. “Galaxy” isə əsasən külək enerjisi ilə işləyəcək. “Envision” indiyədək ümumi gücü 100 GVt-dan çox olan külək turbinləri quraşdırıb. “Galaxy” üçün aralarında təxminən 80 km məsafə olan külək stansiyaları işləyəcək. Onların ümumi gücü 420 MVt-dır. Bu stansiyalar ilk 2 mərhələnin 240 MVt-lıq enerji tələbatının 60 faizdən çoxunu ödəməlidir. Bölgədə külək turbinləri orta hesabla gücünün 35 faizdən 40 faizədək hissəsi ilə işləyir. Buna görə sistemə enerjini 4 saat saxlaya bilən batareya anbarı da əlavə olunur. “Galaxy”nin 5 MVt gücündə zalında yeni elektrik sistemi sınaqdan keçirilir. Yarımkeçirici transformatorlar 10 kV dəyişən cərəyanı server rəflərinə lazım olan 800 V sabit cərəyana birbaşa çevirir. Adi məlumat mərkəzlərində elektrik bir neçə əlavə qurğudan keçməlidir. Burada həmin avadanlıqlara, o cümlədən aşağı gərginlikli transformatorlara, fasiləsiz enerji mənbələrinə və düzləndiricilərə ehtiyac qalmır. Beləliklə, avadanlığın sayı və enerji itkisi azala bilər. Ancaq sınaq zamanı əldə olunan səmərəlilik göstəriciləri açıqlanmayıb. “Galaxy”də maye və hava ilə soyudulan serverlər eyni su dövrəsinə qoşulub. Bu üsul ənənəvi mərkəzi soyutma qurğularına ehtiyacı aradan qaldırır və AI serverlərinin yaratdığı yüksək istiliyi idarə etməyi asanlaşdırır. Ancaq sistemin səmərəli işləməsi yerli iqlimdən və su dövrəsinin istiliyi kənara nə qədər yaxşı ötürməsindən asılıdır. Hazırda 5 MVt gücündə olan bu enerji qurğusunun növbəti mərhələlərdə daha böyük miqyasda işlədilməsi planlaşdırılır. “Galaxy” “Envision” şirkətinin Daxili Monqolustanda qurmağı planlaşdırdığı 3 GVt gücündə məlumat mərkəzləri arasında ilk böyük layihədir. Yaxınlıqdakı Çahar Yüksək Texnologiyalar Zonasında 22 məlumat mərkəzi layihəsi tikilir və burada təxminən 30 000 inşaatçı çalışır. “Alibaba”, “Huawei” və “ByteDance” də bölgədəki infrastrukturunu genişləndirir. Bununla belə, ABŞ-nin ixrac məhdudiyyətləri Çinin “Nvidia” şirkətinin ən güclü AI çiplərini almasını çətinləşdirir. Bu da tikilən binaların tam hesablama gücü ilə işləməsinə mane olur.
