16:54

Google Gemini süni intellektinə yadda qalanları göstərən bölmə təqdim etdi

    “Google”, “Gemini”yə yeni “Memory summary” funksiyası əlavə edib. Bu bölmədə süni intellektin əvvəlki söhbətlərdən istifadəçi barədə yadda saxladığı məlumatların qısa icmalı görünür. Funksiyanı açmaq üçün parametrlərdə “Personal Intelligence” bölməsinə keçib “Memory summary” seçmək lazımdır. İcmalda istifadəçinin birbaşa paylaşdığı məlumatlarla yanaşı, söhbətlər əsasında çıxarılan nəticələr də ola bilər.Google Gemini süni intellektinə yadda qalanları göstərən bölmə təqdim etdi    Şəxsi və işlə bağlı məlumatlar, hobbilər və maraqlar icmalda ayrı abzaslara bölünür. “Gemini” təsadüfi qeydləri qalıcı məlumatlardan ayırmağa çalışır. Məsələn, hansısa dili öyrənməyi düşünmək həmin dili artıq bilmək demək deyil. Ancaq sınaq zamanı sistemin real maraqlarla yalnız təcrübə üçün araşdırılan mövzuları qarışdırdığı hallar da aşkarlanıb.    Yanlış yadda saxlanmış məlumatı “Gemini”yə adi sorğu yazaraq düzəltmək olur. Tələb aydın deyilsə, süni intellekt əlavə sual verə bilər. Daha ətraflı yoxlama üçün “Memory history” bölməsinə baxmaq lazımdır. Burada məlumatın yaddaşa nə vaxt əlavə edildiyi və ya dəyişdirildiyi göstərilir. Beləliklə, yanlış nəticələrin sonrakı cavablara təsirinin qarşısını almaq olar.    “Google”un məxfilik qaydalarına görə, icmaldan məlumatı silmək onun qeyd olunduğu ilk söhbəti aradan qaldırmır. Yaddaş funksiyasını söndürəndə sistem yeni məlumatları öyrənmir, ancaq söhbət tarixçəsini avtomatik silmir. Həssas məlumatlardan narahat olanlar “Gemini”nin fəaliyyət parametrlərini ayrıca yoxlamalı və lazım olan tarixçəni oradan idarə etməlidirlər.    Yadda saxlanmasını istəmədiyiniz mövzular üçün “Temporary Chat” rejimindən yararlana bilərsiniz. Yeni icmalla istifadəçilər “Gemini”nin onlar barədə hansı təsəvvürü formalaşdırdığını görə və səhvləri düzəldə bilirlər. Yaddaş eyni məlumatları təkrar izah etmək ehtiyacını azalda bilər. Ancaq daha fərdi cavablar üçün bəzi şəxsi məlumatların saxlanması tələb olunur. Buna görə rahatlıqla məxfilik arasındakı seçimi istifadəçi özü etməlidir.