10:15
Google tətbiqlər üçün Gemini və Search-ə ortaq qoşulma sistemi təqdim etdi

“Google” tətbiqlərin “Gemini” və “Google Search” daxilində işləməsini asanlaşdıran “Connected Apps Platform” sistemini elan edib. Tərtibatçılar bu sistemlə xidmətlərini hər iki məhsula tək inteqrasiya ilə qoşa bilərlər. Onlar əvvəllər 2 platforma üçün ayrıca inteqrasiya qurmalı idi. İndi sistemi 1 dəfə hazırlamaq və tətbiqin “Gemini”, axtarış xidməti və ya hər ikisində işləyəcəyini seçmək olur.
“Gemini”yə qoşulan tətbiqlərin sayı artıq 50-ni keçib. Siyahıya “Adobe”, “Experian”, “Localiza”, “Peloton”, “Dropbox”, “Instacart”, “OpenTable” və “Ticketmaster” kimi kənar xidmətlər daxildir. “Google Workspace”, “Google Photos”, “YouTube Music” və “Google Home” da bu sistemdə var. Həmin tətbiqlər yaxın həftələrdə “Google Search” daxilində açılacaq. “Calm” həm axtarış xidmətinə, həm də “Gemini”yə əlavə olunacaq. İstifadəçi icazə verdikdə tətbiqlər onun hesabına təhlükəsiz şəkildə qoşulur və verilən əmrləri yerinə yetirir. Məsələn, “Canva”da reklam vərəqi hazırlamaq, “YouTube Music”də pleylist yaratmaq və ya “Instacart”dan ərzaq sifariş etmək olar. Hazırda axtarış xidmətinə qoşulan tətbiqlərin sayı daha azdır. Bunların arasında “Canva”, “YouTube Music” və “Yahoo Fantasy Football” var. Hər tətbiqdə işləyən funksiyalar həmin xidmətin imkanlarından asılı olacaq. Qoşulma üçün tərtibatçıya buludda işləyən MCP serveri və ya “AppFunctions” interfeyslərindən yararlanan “Android MCP” lazımdır. MCP tətbiqlə süni intellekt arasında məlumat ötürülməsi üçün işlənən standartdır. Daha sonra tətbiq “Google Connected Console”da qeydiyyata alınır, sınaqdan keçirilir və yoxlamaya göndərilir. Tərtibatçılar istifadəçi axınını, gecikmələri və xətaları izləyə, təsdiqlənmiş loqo və hesabları idarə edə biləcəklər. “Connected Apps Platform” hazırda ABŞ tərtibatçıları üçün açıq sınaq mərhələsindədir və giriş üçün gözləmə siyahısına yazılmaq lazımdır. “Google” sistemi qarşıdakı aylarda mərhələli şəkildə daha çox istifadəçiyə açmağı planlaşdırır. Digər ölkələr üçün dəqiq tarix hələ açıqlanmayıb. Son dizayn yenilənməsindən sonra “Gemini” tətbiqində yeni “Customize” səhifəsi də yaradılıb.
