08:42
GTA 6-nın PC versiyasının çıxış tarixi məlum olub: Oyunçular çox gözləməyəcək

Rockstar Games-in böyük maraqla gözlənilən GTA 6 oyununun kompüter versiyası ilə bağlı yeni məlumatlar ortaya çıxıb. GamesBeat nəşrinin iddiasına görə, oyun PC platformasına gözləniləndən xeyli tez gələ bilər.

Nəşrin oyun sənayesindəki dörd mənbəyə istinadən yaydığı məlumata əsasən, Rockstar GTA 6-nın PC versiyasını 2027-ci ilin ilk rübündə, yəni yanvar-mart aylarında təqdim etməyi planlaşdırır. Lakin Rockstar Games və onun sahibi Take-Two Interactive bu məlumatı hələlik rəsmi təsdiqləməyib.
Mövcud plana əsasən, GTA 6-nın PlayStation 5 və Xbox Series X/S konsolları üçün 19 noyabr 2026-cı ildə satışa çıxarılması gözlənilir. Yeni iddia doğru olarsa, kompüter istifadəçiləri konsol oyunçularından cəmi bir neçə ay sonra oyuna qoşula biləcəklər.
Bu, Rockstar-ın əvvəlki buraxılış strategiyasından ciddi fərqlənir. Belə ki, GTA 5 ilk dəfə 2013-cü ilin sentyabrında konsollar üçün təqdim olunmuş, PC versiyası isə yalnız 2015-ci ilin aprelində yayımlanmışdı. Nəticədə kompüter oyunçuları təxminən 19 ay gözləməli olmuşdular.
GTA 6-nın PC versiyasının daha erkən təqdim edilməsi oyunun çoxoyunçulu rejimi ilə də əlaqəli ola bilər. Rockstar hələlik GTA 6 üçün yeni GTA Online rejimini rəsmən elan etməyib. Bununla belə, Twitch-in baş direktoru Den Klensi daha əvvəl çoxoyunçulu rejimin 2027-ci ildə istifadəyə veriləcəyini bildirmişdi.
Yeni onlayn rejimin PC versiyası ilə yaxın tarixlərdə təqdim edilməsi rol əsaslı oyun serverləri və istifadəçilərin hazırladığı məzmun baxımından əhəmiyyətli ola bilər.
Hələlik GTA 6-nın kompüter versiyasının dəqiq çıxış tarixi və sistem tələbləri açıqlanmayıb. Buna görə də 2027-ci ilin ilk rübü ilə bağlı məlumatlar rəsmi təsdiqini tapana qədər iddia kimi qiymətləndirilməlidir.
