17:41
iPhone Air 2-nin 2 kameralı yeni dizaynı maketdə göründü

Sosial şəbəkədə yayılan yeni maketlər “iPhone Air 2” modelinin fərqli kamera quruluşunu göstərib. “Apple”ın bu telefonu 2027-ci ilin yazında standart “iPhone 18” ilə birlikdə çıxaracağı gözlənilir. Maketdə “iPhone Air 2” üçün 2 arxa kamera görünür. Standart “iPhone 18” isə görünüş baxımından “iPhone 17”dən ciddi fərqlənmir. İlk nəsil “iPhone Air”də yalnız 48 MP əsas kamera var. İddiaya görə, yeni modeldə buna daha geniş bucaqla çəkiliş edən ikinci kamera qoşulacaq. Kameralar kapsul formalı çıxıntıda üfüqi düzülüb. Bu görünüş “iPhone Duo” modelinin kamera quruluşuna bənzəyir. “iPhone Air 2”də “A20 Pro” çipinin olacağı gözlənilir. “Apple” batareyanın daha uzun işləməsi üzərində də çalışır. Telefonda istiliyi daha yaxşı yayan buxar kameralı soyutma sistemi ola bilər. İlk dəfə “iPhone 17 Pro”da işlədilən bu sistemlə yanaşı, daha kiçik “Dynamic Island” hissəsinin də sınaqdan keçirildiyi deyilir. Standart “iPhone 18”in “A20” çipi ilə işləyəcəyi gözlənilir. İddiaya görə, telefonda “iPhone 17”dəki 8 GB əvəzinə 9 GB RAM olacaq. Bununla belə, standart modeldə böyük dəyişikliklərin olmayacağı və “Apple”ın istehsal xərclərini azaltmağa üstünlük verəcəyi qeyd olunur. Şirkət cihazların dizaynı, texniki göstəriciləri və təqdimat tarixi barədə hələ rəsmi açıqlama verməyib.
