18:25

Meta onlayn nəşrlərin məzmununu ödənişsiz AI təlimində işlədə bilər

    “Meta” oktyabrın 30-dan qüvvəyə minəcək yeni kommersiya şərtləri ilə biznes hesablarına bağlı saytları avtomatik toplamaq üçün geniş icazə almağa hazırlaşır. Qaydalar onlayn nəşrlərə də aid ola bilər. Nəticədə onların məzmunu ödəniş edilmədən süni intellektin öyrədilməsində işlədilə bilər. “Meta” bu məlumatlardan süni intellekt məhsullarını hazırlamaq və yaxşılaşdırmaq üçün yararlana biləcək.    Yeni şərtlərə görə, “Meta” veb skanerlər və botlar kimi avtomatik proqramlarla bizneslərə bağlı domenlərə, səhifələrə və internet ünvanlarına daxil ola biləcək. Şirkət buradakı məlumatları indeksləyə, yadda saxlaya, təhlil edə və toplaya bilər. Saytlara əlavə olunan yeni məzmun da müəyyən aralıqlarla yenidən götürülə bilər.    Qaydalar məzmununu “Facebook”, “Instagram”, “WhatsApp” və “Messenger” üzərindən tanıdan biznes hesablarına aiddir. Beləliklə, “Meta” onlayn nəşrlərlə ayrıca lisenziya müqaviləsi bağlamadan onların materiallarını süni intellekt modellərinin təlimində işlədə bilər. Şirkət indiyədək bəzi böyük media qurumları ilə bu cür lisenziya razılaşmaları bağlayıb.    Yeni qaydaları qəbul etməyən bizneslər “Meta” məhsullarından kommersiya məqsədilə istifadəni tam dayandırmalı ola bilər. Şirkət ötən ay bizneslər və yaradıcılar üçün “Meta One” abunəliyini çıxarıb. Abunə çərçivəsində paylaşımlara və qısa videolara keçid əlavə etmək ödənişlidir. Ancaq həmin keçidlərin apardığı saytlardakı məzmun yeni şərtlər əsasında ödənişsiz toplana bilər. “Meta” məsələ ilə bağlı hələ açıqlama verməyib.