17:59
Microsoft məlumat mərkəzinə etirazda polis 200-dək şəxsi saxladı

Amsterdam polisi “Microsoft” məlumat mərkəzinin tikinti sahəsində 150-200 etirazçını icazəsiz giriş şübhəsi ilə saxlayıb. Aksiya əvvəlcə dinc keçib, lakin qrupdakı bəzi şəxslər əraziyə zorla girməyə çalışıblar. Polis müdaxilə etdikdən sonra saxlanılanlar müvəqqəti saxlama məntəqəsinə aparılıb. Tikinti sahəsi “Pure Data Centers” şirkətinə məxsusdur. Polis etirazçıların əraziyə girmək üçün gətirdiyi deyilən alətləri götürüb. Buna baxmayaraq, bəzi iştirakçılar hasarı aşaraq tikinti sahəsinə keçiblər. Onların üzərində tikinti meydançasından oğurlandığı güman edilən əşyalar da tapılıb. Ərazidə ziyan və vandalizm halları qeydə alınıb. Şübhəlilərin həbsdə qalıb-qalmayacağına dindirilmədən sonra qərar veriləcək. Hadisə ötən cümə günü eyni məlumat mərkəzinə girişlə başlayan etirazların davamıdır. Budəfəki aksiyaya əsasən məlumat mərkəzlərində qalıq yanacağın işlədilməsinə qarşı çıxan “Fossielvrij” qrupu qatılıb. Qrupun sözlərinə görə, aksiya dinc şəkildə planlaşdırılıb. Ancaq başqa şəxslərin nümayişə qoşularaq hasarı yarıb keçdiyi və polislə qarşıdurma yaratdığı iddia olunur. Aksiya “Stop Dirty Data Centers” koalisiyasının Avropada keçirməyi planlaşdırdığı tədbirlərdən ilkidir. Koalisiya Amsterdam, Dublin, Varşava, Danimarka və qitənin başqa yerlərində də etirazlara hazırlaşır. Təşkilat deyir ki, məlumat mərkəzləri çox enerji sərf edir, elektrik şəbəkəsinə əlavə yük salır və qalıq yanacaqla işləyən əlavə qurğulara ehtiyac yaradır. Etirazlar süni intellekt üçün işləyən məlumat mərkəzlərinin sürətlə genişləndiyi dövrə düşür. ABŞ-də də belə layihələrə qarşı narazılıq artır. Finlandiyada “Google” məlumat mərkəzi üçün ətraf mühitə təsir qiymətləndirilmədən təxminən 526 hektar meşənin təmizləndiyi deyilir. Vəhşi təbiətə zərər vurulması ilə bağlı iddialardan sonra “Tuike Finland Oy” şirkəti barədə cinayət araşdırması başlanıb.
