21:49
Microsoft Windows 11-in RAM istifadəsini yaxşılaşdıran yeniləmə təqdim etdi

“Microsoft” “Windows 11” üçün RAM istifadəsini yaxşılaşdıran yeniləmə çıxarıb. Şirkətin laboratoriya sınaqlarına görə, sistem 8 GB RAM olan kompüterlərdə 20 faiz daha çevik işləyir. Eyni anda bir neçə proqram açıq olduqda sürət artımı 40 faizə çatır. Yeniləmə qlobal komponent çatışmazlığı səbəbindən 8 GB RAM-lı noutbukların yenidən çoxaldığı bir vaxtda çıxıb. “Microsoft” 16 GB və 32 GB RAM olan kompüterlərdə iş imkanlarının daha geniş qaldığını da qəbul edir.
Əsas dəyişiklik RAM-dakı məlumatların sıxışdırılması ilə bağlıdır. “Windows 11” aktiv məlumatların əlavə 2 GB-lıq hissəsini daha yavaş yaddaş qurğusuna köçürmək əvəzinə RAM-da saxlaya bilir. Beləliklə, açıq qalan proqram və brauzer səhifələrinə qayıdanda onların yenidən yüklənməsinə daha az ehtiyac yaranır. Kompüter işlədilərkən faylların axtarış üçün hazırlanması kimi arxa plan tapşırıqları da müvəqqəti zəiflədilir. “Start”, “File Explorer”, “Settings” və “Snipping Tool” kimi bölmələr 20 faizə qədər daha tez açılır. Axtarış və sağ klik əmrləri də sürətlənib. “Edge” brauzerinin açılış sürəti 33 faizə qədər artıb. 8 GB RAM olan kompüterlərdə “Teams” üçün səmərəlilik rejimi standart olaraq aktivləşir və açılış vaxtını 20 faizə qədər azaldır. Bu rejim sistemə düşən yükü avtomatik aşağı salır. 40 faizlik sürət artımı müxtəlif proqramların ardıcıl açıldığı sınaqda qeydə alınıb. Sınaq zamanı “Edge”də 20 səhifə və 4K video açılıb. Bundan başqa, “Outlook”, “File Explorer”, eləcə də böyük “Word”, “PowerPoint” və “Excel” faylları işə salınıb. “Edge” və “Microsoft 365” proqramlarının əlavə yaddaş istifadəsi 900 MB-dək azaldılıb. Ofis proqramları ümumilikdə 360 MB RAM-a qənaət edir. “WhatsApp” kimi başqa şirkətlərin proqramları da yeni yaddaş idarəetməsindən yararlana bilir.
8 GB RAM olan kompüterlərdə “Widgets” paneli yalnız istifadəçi onu açanda yüklənir və bu, təxminən 200 MB RAM qənaəti yaradır. “Edge”də işlədilməyən səhifələr standart olaraq 15 dəqiqədən sonra yuxu rejiminə keçir. 2026 model “Dell XPS 13” çoxnüvəli prosessor sınağında 2021 model ilə müqayisə olunub. Yeni noutbuk köhnə modeli 90 faizdən çox qabaqlayıb. İnternet istifadəsi, 4K video ixracı və bəzi süni intellekt tapşırıqlarında onun nəticəsi 2 dəfə çox RAM olan köhnə modelə yaxın olub. Yeniliklərdən yararlanmaq üçün kompüterdə “Windows 11” 26H2 versiyası və 26300.9818 yığımı və ya daha yenisi olmalıdır. Proqramları da yeniləmək məsləhətdir, çünki bəzi dəyişikliklər onların yeniləmələrinə daxildir. Qarşıdakı aylarda RAM-dakı məlumatların sıxışdırılması daha səmərəli işləyəcək. “Search” və “Widgets” ortaq veb mühərrikə keçəcək. “WinUI 3” platformasında hazırlanan “File Explorer” və “Notepad” daha az RAM tələb edəcək. Kompüter istehsalçıları da avadanlıq üçün ayrılan ehtiyat yaddaşı azaltmağa çalışacaq.
