18:53
Nvidia RTX 5090 videokartının istehsalını dayandırmadığını açıqladı

“Nvidia” şirkətinin baş vitse-prezidenti Jeff Fisher “RTX 5090” videokartının bazardan çıxarılması barədə xəbərləri təkzib edib. O, modelin istehsalının dayandırılmadığını və tədarükün davam edəcəyini deyib. Açıqlama videokartın böyük satış şəbəkələrində tapılmadığı vaxt verilib. Son günlər ehtiyatların azalması istehsalın tam dayandırıldığı barədə iddialara səbəb olmuşdu. Fisher istehsal gücünün həqiqətən məhdud olduğunu etiraf edib. Onun sözlərinə görə, “Nvidia” videokartı yenidən mağazalara çatdırmağa çalışır. Şirkət “RTX 5090” çipinin müxtəlif variantlarını istehsal etməyə davam edir. Fisher “GeForce” məhsullarının şirkətin inkişafında və süni intellekt bazarının yaranmasında mühüm rol oynadığını da vurğulayıb. Bununla belə, “RTX 5090” hazırda normal qiymətə demək olar ki, tapılmır. “Amazon”da üçüncü tərəf satıcıları videokartı təxminən 8500 dollara (təxminən 14450 manat) satırlar. “Newegg”də qiymətlər 7300 dollardan (təxminən 12410 manat) başlayır. Çatdırılmanın uzun çəkməsi məhsulların Çindən göndərildiyini göstərir. ABŞ gömrük rüsumları son qiyməti daha da artıra bilər. “Best Buy”da hazırda “RTX 5090” satılmır. Videokartı “Nvidia” şirkətinin öz mağazasında və “Micro Center” satış şəbəkəsində də tapmaq olmur. İstehsalın dayandırıldığı barədə iddialar çip istehsalı gücünün daha çox süni intellekt sistemlərini sürətləndirən məhsullara ayrılması ehtimalına əsaslanırdı. Daha əvvəl “RTX 50 Super” seriyasının hazırlanmasının təxirə salındığı barədə xəbərlər də yayılmışdı. Videokart bazarındakı durğunluq təkcə “Nvidia” ilə bağlı deyil. “Intel” istehlakçılar üçün yenilənmiş videokartlardan imtina etmədiyini bir neçə dəfə açıqlayıb. “AMD” də əsas oyunçu seqmenti üçün yeni modellər çıxarmaq istədiyini deyib. Buna baxmayaraq, hər 3 şirkət hələ yeni oyun videokartlarını göstərməyib və sərmayələrini daha çox süni intellekt məhsullarına yönəldib.
