09:04

OpenAI-ın yeni süni intellekti yüzlərlə riyazi problemi həll edib: Alimlər arasında mübahisə başlayıb

OpenAI-ın hələ ictimaiyyətə təqdim edilməmiş süni intellekt modeli ilə bağlı yayımlanan nəticələr riyaziyyat dünyasında böyük müzakirələrə səbəb olub. Şirkətin GitHub platformasında paylaşdığı yüzlərlə elmi işdə uzun illər həllini gözləyən riyazi problemlərə yeni həll yolları təklif olunur.

İlkin olaraq 722 elmi işin yer aldığı kolleksiyadan oktyabrın 7-də bir sübutda xəta aşkarlanması səbəbindən üçü geri götürülüb. Nəticədə materialların sayı 719-a enib. Qalan işlərin yoxlanılması isə davam edir.

OpenAI-ın məlumatına görə, hər nəticənin əldə edilməsi üçün ChatGPT Pro-nun təxminən üç saatlıq düşünmə prosesinə bərabər hesablama resursu sərf olunub. Bu göstərici süni intellektin mürəkkəb riyazi məsələləri nisbətən qısa müddətdə araşdırmaq potensialını nümayiş etdirir.

Lakin yüzlərlə problemin həll edildiyini söyləmək üçün nəticələrin müstəqil şəkildə təsdiqlənməsi vacibdir. OpenAI sübutların yoxlanılması üçün Lean adlı formal riyazi doğrulama sistemindən istifadə edir. Məlumata əsasən, işlərin təxminən yarısı bu sistem vasitəsilə yoxlanılıb.

Lean riyazi sübutların məntiqi ardıcıllığını yoxlasa da, formal şəkildə təsdiqlənən ifadənin ilkin elmi iddiaya tam uyğun gəlib-gəlmədiyi ayrıca qiymətləndirilməlidir. Buna görə də nəticələrin elmi ictimaiyyət tərəfindən qəbul edilməsi hələ başa çatmayıb.

Yenilik bəzi tanınmış riyaziyyatçıların narahatlığına səbəb olub. Fields medalı laureatı, fransız alim Hüqo Düminil-Kopen (Hugo Duminil-Copin) bildirib ki, yayımlanan nəticələr arasında illərdir üzərində çalışdığı 16 problem də var.

Alimin əsas narahatlığı süni intellektin insanlardan daha sürətli işləməsi deyil. Onun fikrincə, yüzlərlə həllin eyni vaxtda yayımlanması riyaziyyatçıların bu nəticələri araşdırmasına, yeni metodları anlamasına və gələcək tədqiqat istiqamətlərini müəyyənləşdirməsinə kifayət qədər vaxt qoymur.

Məqalədə bildirilir ki, daha əvvəl 25 Fields medalı laureatının imzaladığı açıq məktubda da oxşar narahatlıqlar ifadə olunub. Human Mathematics Association isə belə kütləvi yayımların elmi töhfədən daha çox texnoloji imkanların nümayişinə çevrildiyini iddia edərək OpenAI ilə əməkdaşlığın boykot edilməsinə çağırıb.

Bununla belə, bütün alimlər eyni mövqedə deyil. Fields medalı laureatı Timoti Qauers (Timothy Gowers) hesab edir ki, çoxsaylı riyazi nəticələrin əldə olunması özlüyündə mənfi hadisə deyil. Onun fikrincə, əsas sual bu inkişafın gələcək riyaziyyatçıların yetişməsinə və yeni tədqiqat sahələrinin formalaşmasına necə təsir göstərəcəyidir.

OpenAI isə nəticələrin daha yaxşı anlaşılması üçün elmi konfransları, seminarları və xüsusi tədqiqat proqramlarını maliyyələşdirməyi planlaşdırdığını bildirib. Şirkət həmçinin sübutların yoxlanılmasına kömək edən materialları və hesablama resursları barədə məlumatları paylaşır.

Əgər nəticələrin böyük hissəsi müstəqil yoxlamalardan uğurla keçərsə, bu, süni intellektin fundamental elmi tədqiqatlarda rolunu ciddi şəkildə dəyişə bilər. Lakin hazırkı mərhələdə 719 işin hamısının təsdiqlənmiş riyazi kəşf olduğunu söyləmək tezdir.