16:11
Qaçaqmalçılar HBM yaddaşını zəif server prosessorlarına qoşub Çinə keçirir

Çinə qoyulan ixrac məhdudiyyətlərini dolanan vasitəçilər Cənubi Koreyadan qadağan olunmuş HBM yaddaş çipləri daşıyırlar. HBM məlumatı çox sürətlə ötürən yaddaş növüdür və süni intellekt prosessorlarının hesablamaları daha tez aparmasına kömək edir. Sxemi quran şəxsə məxsus şirkət ucuz və zəif server prosessorları hazırlayır.
Bu prosessorlara “Samsung” və “SK hynix” istehsalı olan bahalı HBM modulları qoşulur. HBM-ni ayrıca Çinə ixrac etmək olmaz. Ancaq nəzarət zamanı bütöv qurğuda yalnız server prosessorunun gücü əsas götürülür. Zəif prosessorla birlikdə qablaşdırılan yaddaş buna görə qanuni məhsul kimi Cənubi Koreyadan çıxarılır və əvvəlcə Honqkonqa göndərilir. Honqkonqa çatan elektron platalar sərhədi hər gün keçən sərnişinlərin baqajında Şençjenə aparılır. Emalatxanalarda platalar qızdırılaraq lehim yumşaldılır. Texniklər HBM çiplərini diqqətlə çıxarır, platanın qalan hissələrini isə atırlar. Proses zamanı çoxlu çip yararsız hala düşür. Buna baxmayaraq, yaddaşın bahalaşması əməliyyatı gəlirli saxlayır. Çində 1 HBM3E modulu 4000 dollara satılır. Bu, 6800 manatdır. Süni intellekt hesablamaları aparan 1 AI GPU üçün 6-8 belə yaddaş çipi lazımdır. Aşağı həddə modulların ümumi satış məbləği 24000 dollara (40800 manat) çatır. Yuxarı hədd isə 32000 dollar (54400 manat) olur. Çinli süni intellekt laboratoriyalarının əsas problemlərindən biri kifayət qədər HBM yaddaşı tapmaqdır. “CXMT” HBM3E çiplərinin sınaq istehsalına başlayıb və 2026-cı ilin sonunadək kütləvi istehsala keçməyi planlaşdırır. Lakin istehsal zamanı yararlı çıxan çiplərin payı hələ azdır. Buna görə yerli yaddaşın maya dəyəri artır və istehsal bazardakı tələbi tam qarşılaya bilmir. Yaddaş çatışmazlığı “Huawei” məhsullarına da təsir göstərir. Şirkətin hazırda ən güclü modeli olan “Ascend 950DT” 37000 dollara (62900 manat) satılır. Onun qiyməti “Nvidia B200” ilə təxminən eynidir, ancaq gücü əvvəlki nəsil “Nvidia H100” performansının təxminən yarısı qədərdir. “Huawei” növbəti “Ascend 960DT” modelinin “H100” səviyyəsinə çatacağını deyib. Bununla belə, müştərilər serverlər üçün lazım olan HBM yaddaşını özləri tapmalıdırlar. Belə vəziyyət HBM-yə tələbi və qaçaqmalçıların potensial qazancını daha da artırır. ABŞ oxşar işlərlə bağlı “Super Micro” rəhbərləri və Kaliforniyada yerləşən texnologiya şirkətinin baş direktoru da daxil olmaqla yüksək vəzifəli şəxsləri həbs edib. Tayvan və Malayziya çip qaçaqmalçılığına qarşı nəzarəti artıq sərtləşdirib. Cənubi Koreya və ABŞ-nin də bu sxemdəki boşluğu bağlayacağı gözlənilir.
