22:36
Riyaziyyatçı Alpöge Claude ilə Riemann hipotezinə sübut tapdığını deyir

“Anthropic” şirkətində çalışan riyaziyyatçı Levent Alpöge “Claude” ilə Riemann hipotezini sübut etdiyini iddia edir. Arqumentlər riyazi sübutları kompüterdə yoxlamaq üçün hazırlanmış “Lean” proqramında yazılıb. İş hələ yalnız Alpögenin saytında yayımlanıb və həll hələ müstəqil yoxlamadan keçməyib. “Anthropic” elanın hazırlanmasına qatılmayıb və nəticə ilə bağlı rəsmi mövqeyini açıqlamayıb.
Bernhard Riemann bu hipotezi 1859-cu ildə irəli sürüb. Problem 167 ildir açıq qalır. Hipotez sadə ədədlərin necə paylandığını xüsusi riyazi funksiyanın sıfır nöqtələri ilə əlaqələndirir. Onun əsas şərti ilk 10 trilyon həll üçün yoxlanılıb, ancaq bütün hallar üçün keçərli sübut tapılmayıb. Sübut təsdiqlənsə, ədədlər nəzəriyyəsindəki bir çox suala aydınlıq gətirə bilər. Alpöge hazırladığı üsulun ümumiləşdirilmiş Riemann hipotezini də həll etdiyini düşünür. Riyaziyyatçının fikrincə, əlavə iş aparılarsa, üsulu genişləndirilmiş Riemann hipotezinə də tətbiq etmək olar. O, nəticəni bazar gecəsi “Anthropic” rəhbəri Dario Amodeiyə göndərdiyini yazıb. Alpöge işi şirkətin səhmlərini ilk dəfə birjada satışa çıxardığı cümə axşamı keçirilən IPO-dan sonra yayımlayıb. “Anthropic” avqustda “Claude” ilə bu problem üzərində işlədiyini açıqlamışdı, amma seçilən üsulların sübutla nəticələnəcəyini gözləmirdi. Riemann hipotezi 7 Minilliyin Mükafatı problemindən biridir. Bu proqramı idarə edən Clay Riyaziyyat İnstitutu hər həll üçün 1 milyon dollar (təxminən 1,7 milyon manat) mükafat verir. Namizəd həll əvvəlcə nəşr olunmalı, ən azı 2 il yoxlanmalı və dünya riyaziyyat ictimaiyyəti tərəfindən qəbul edilməlidir. İndiyədək bu problemlərdən yalnız Puankare fərziyyəsi rəsmi şəkildə həll olunub. “OpenAI” daha əvvəl mayelərin hərəkətini izah edən Navier Stokes problemini həll etdiyini iddia etmişdi. Şirkət bu işə milyonlarla dollar xərcləmiş və 10 000 süni intellekt agentini işə cəlb etmişdi. Nəticə inandırıcı sayılsa da, hələ rəsmi tanınmayıb. İşdə dərc edilməmiş araşdırmalardan yararlanıldığı iddiaları da mübahisə doğurub. “OpenAI” bu ittihamları rədd edib. Alpöge iyulda Yakobian fərziyyəsini “Claude” ilə həll etdiyini də demişdi.
“Anthropic” həmin həftə “Claude Fable 5.2” modelinin qara dəliklərlə bağlı 2 nəzəri problemdə irəliləyiş əldə etdiyini açıqlayıb. İlk problem Stiven Hokinq və Don Peycin 1983-cü ildə təsvir etdiyi hadisə ilə bağlıdır. Burada qızdırılan nəzəri kainatda qara dəliyin qəfil yaranması araşdırılır. Əvvəlki hesablamalar böyük kainat üçün aparılmışdı. “Claude” keçidin kiçik kainatda da qəfil baş verdiyini göstərib. Nəticəyə görə, qara dəliklərin yaranması kvant nəzəriyyəsi çərçivəsində də baş verə bilər. Digər nəticə 2 ölçülü nəzəri kainata aiddir və ən yüngül qara dəliyin mümkün sərhədini araşdırır. “Claude” hesablamalardakı nümunəni taparaq sadə “bootstrapping” üsulu üçün dəqiq yuxarı həddi müəyyənləşdirib. Bu üsulda nəticə əvvəlki addımlar üzərində qurularaq yoxlanılır. Model həmin həddi daha da aşağı salmağın mümkün olmadığını riyazi yolla göstərib. “Anthropic” vurğulayıb ki, nəticələr bizim kainata aid deyil və hazırda praktik istifadəsi yoxdur. Bununla belə, onlar kvant mexanikası ilə nisbilik nəzəriyyəsi arasındakı əlaqəni anlamağa kömək edə bilər.
