14:59
Samsung Galaxy AI funksiyaları üçün ödənişli abunə hazırlaya bilər

“Samsung” “Galaxy” smartfonlarındakı süni intellekt funksiyaları üçün ödənişli “Galaxy AI Premium” abunəsi hazırlaya bilər. Hələ yayımlanmamış tətbiqdə daha yüksək istifadə həddi olan “Max” planı aşkarlanıb. Abunə çıxsa, pulsuz funksiyalar tam bağlanmayacaq, amma onlardan istifadəyə hədd qoyula bilər. “Samsung” bu planı hələ rəsmi elan etməyib. Tətbiqdə tapılan məlumatlara görə, abunənin qiyməti aylıq 4,99 dollar (təxminən 8 manat) ola bilər. İllik paket 47,99 dollara (təxminən 82 manat) satıla bilər. Sızma xidmətin pulsuz və ödənişli paketlərə bölünəcəyini göstərir. Pulsuz hədd bitdikdən sonra istifadəçi süni intellekt funksiyaları üçün əlavə kredit almalı və ya “Max” planına keçməli ola bilər. “Photo Assist”, “Browsing Assist”, “Now Brief”, “Creative Studio” və “Samsung Keyboard” funksiyalarının pulsuz paketdə qalacağı deyilir. Ancaq bu alətlərdən istifadə sayına hədd qoyula bilər. Hədd bitdikdə funksiyalar dayanacaq, davam etmək üçün kredit və ya abunə lazım olacaq. Şirkət daha əvvəl əsas “Galaxy AI” funksiyalarının pulsuz qalacağını açıqlamışdı. “Max” planında funksiyalardan pulsuz paketlə müqayisədə 4 dəfə çox istifadə etmək olar. Sızmada ödənişli istifadəçilər üçün 3 əlavə funksiyanın adı çəkilir, amma yalnız 2-si barədə məlumat verilib. “Gen Video” fotoları süni intellektlə videoya çevirir. “Bixby Action” tətbiqlər arasındakı tapşırıqları avtomatik yerinə yetirərək virtual köməkçini daha faydalı edir. Tətbiqdə süni intellekt sisteminin “20271” nömrəli versiyası da tələb olunur. Bu kodun gələcək “Galaxy S27” seriyasına aid olduğu və abunəliyin həmin smartfonlarla birlikdə açıqlana biləcəyi ehtimal edilir. Hələ hansı cihazların xidmətə uyğun olacağı məlum deyil. Erkən sınaq proqramına qoşulanlar abunəni yoxlaya və sınaq dövründə xərclədikləri pulu geri ala bilərlər. Qiymətlər və funksiyalar rəsmi elana qədər dəyişə bilər.
