17:25
SpaceX ilk dəfə Starship raketinin 2 mərhələsini havada tutmağa cəhd edəcək

“SpaceX” “Starship” sisteminin 15-ci sınaq uçuşunda həm “Super Heavy” sürətləndiricisini, həm də “Ship” adlı yuxarı mərhələni havada tutmağı planlaşdırır. Elon Musk uçuşun gələn ay baş tuta biləcəyini deyib. Cəhd uğurlu olsa, sistemin hər iki mərhələsi ilk dəfə eyni uçuşdan sonra geri qaytarılacaq. Şirkət bu planı 3-cü rübün maliyyə nəticələrinə həsr olunmuş “X” yayımında açıqlayıb.
“Starship” 2 mərhələli sistemdir. Onun hündürlüyü təxminən 120 metr, diametri 9 metrdir. Sistem maye metan və maye oksigenlə işləyən “Raptor” mühərriklərindən yararlanır. Yerə qayıdan mərhələləri eniş meydançasındakı qüllənin mexaniki qolları havada tutmalıdır. “SpaceX” əvvəllər “Super Heavy” sürətləndiricisini bu üsulla tutub. Ancaq daha yüksəyə, uzağa və sürətlə uçan “Ship” üçün belə cəhd hələ edilməyib. Canlı yayımda qısa simulyasiya da göstərilib. Videoda “Ship” şaquli şəkildə qülləyə yaxınlaşır və mexaniki qolların arasında tutulur. Həmin qüllədən raketin buraxılışı zamanı da yararlanılır. “SpaceX” sistemin bütün hissələrini qısa vaxtda yenidən uçuşa hazırlamaq istəyir. “Starship” gələcəkdə Aya və Marsa insan və yük daşımaq üçün hazırlanıb. Ötən ay keçirilən 14-cü sınaqda “Starship”in yuxarı mərhələsi ilk dəfə Yer orbitinə çıxıb. O, daha böyük imkanları olan onlarla “Starlink V3” peykini şəbəkəyə əlavə edib. Lakin yüksəliş zamanı “Raptor” mühərriklərindən biri vaxtından əvvəl dayanıb. Digər mühərriklər uçuşu davam etdirsə də, 10 saat və 6 dövrə üçün planlaşdırılan missiya qısaldılıb. Uçuş təxminən 3 saat və 2 dövrədən sonra başa çatıb. Həmin uçuşda “Super Heavy” Meksika körfəzinə enib. “Ship” orbitdən çıxış manevrindən sonra Havay adalarının şimalında, Sakit okeana şaquli eniş edib. Yuxarı mərhələ alovlar içində enib və hissələrin heç biri geri qaytarılmayıb. Musk növbəti cəhdin uğurlu olma ehtimalını daha yüksək qiymətləndirir, lakin buna zəmanət vermir. Cəhd uğursuz olsa, sınaqlar ilin sonunadək davam edəcək, gələn il isə daha tez-tez keçiriləcək.
