17:49
Stanford-da ilk Azərbaycan-Amerika İT və Süni İntellekt Forumu: Google, Meta və Eli Lilly-dən 20-dən çox azərbaycanlı

Silikon Vadisində çalışan azərbaycanlı mühəndislər, təsisçilər və menecerlər bu gün Stanford Universitetində ilk dəfə eyni zalda toplaşır.
“Azerbaijani-American Technology & Innovation Professionals Forum 2026” Kaliforniya vaxtı ilə 09:00-da, Bakı vaxtı ilə bu axşam saat 21:00-da başlayır. Gündəlikdə 4 panel, süni intellekt üzrə workshop, ənənəvi Azərbaycan naharı və axşam qala-şam yeməyi var.
Forumu Stanford Azərbaycanlı Tələbələr Assosiasiyası təşkil edir. Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Cəmiyyəti və Azərbaycan-Amerika Təşkilatları Alyansı (AAAO) tədbirə dəstək verir. Qeydiyyat çoxdan bağlanıb, “Luma” platformasındakı səhifədə yerlərin tam dolduğu yazılıb.
Təşkilatçılar kimdir?
Forumun arxasında beş nəfər dayanır. Nurlan Şükürlü (Nurlan Shukurlu) “ON24 / Cvent”də test mühəndisi işləyir, Aytən Sadırova (Aytan Sadirova) Stanford-da elektrik mühəndisliyi üzrə magistr təhsili alır. Komandada həmçinin maliyyəçi Nicat Hüseynov, PhD (Nijat Huseynov), Viskonsin-Madison Universitetinin məzunu Səbinə Hüseynova (Sabina Huseynova) və “GDG Sunnyvale” icmasından Hande Çetinkaya var.
Panel 1: “Beyond AI Hype”
Günün ilk paneli süni intellekt ətrafındakı şişirtməni bir kənara qoyub real texnologiyalardan danışacaq. Moderator Nicat Behbudov (Nijat Behbudov) “Unity”də AI modellərinin video oyun yaratmasını yaxşılaşdırmaq üzərində işləyir, sosial mediada 60 mindən çox izləyicisi var.
Səhnədə onunla birlikdə “Eli Lilly”nin Molekulyar AI direktoru Sərxan Bədirli (Sarkhan Badirli) olacaq. S.Bədirli şirkətin dərman kəşfi üçün ilk daxili generativ AI platformasını qurub, eyni zamanda “Glacies Biome” və “MindX” startaplarının həmtəsisçisidir. “Google”da Gemini Enterprise üzərində çalışan Sehran Həsənli (Sehran Hasanli) bundan əvvəl Meta və Coursera-da işləyib. Paneldə həmçinin “Typeface AI”da AI agentləri quran Cavahir Abbasova (Javahir Abbasova) və “Microsoft”dan Mehdi Əhmədov (Mehdi Ahmadov) çıxış edəcək.

Panel 2: “Trust, Security & Leadership in the AI Era”
Təhlükəsizlik panelini Səbinə Hüseynova aparır. “Check Point”in regional direktoru Sevi Boisvert kibertəhlükəsizlikdə 20 ildən artıqdır çalışır və illik 20 milyon dollarlıq satışa cavabdeh komandaya rəhbərlik edir. “Intelligence Security”nin CEO-su Emil Efe Khalig vaxtilə Google, eBay və Meta üçün təhlükəsizlik sistemlərinin qurulmasında iştirak edib.
Paneldə “Crowe LLP”də rəqəmsal kriminalistika üzrə məsləhətçi Elçin Məmmədov (Elchin Mammadov) və “Google”da paylanmış texniki komandalara rəhbərlik edən Ayka Ağayeva (Ayka Aghayeva) da var.

Panel 3: “From Silicon Valley to the World”
Nahardan sonra söz sahibkarlara keçir, moderator Nicat Hüseynovdur. “Enverson AI“ın CEO-su Aslan Məmmədli (Aslan Mammadli) dil öyrənmək üçün AI müəllim qurur və bu, onun dördüncü şirkətidir. Əvvəlki layihəsi “Enverson Colleges” 10 mindən çox tələbəyə xidmət göstərib.
Anar Məmmədov (Anar Mammadov) data analitikası və AI avtomatlaşdırma şirkəti “EtaVista“nın CEO-su və texniki həmtəsisçisidir və 23 nəfərlik komandaya rəhbərlik edir. Əli Novruzov (Ali Novruzov) “Mycelic Labs”da məlumatı şirkətdən kənara çıxarmadan işləyən sistem qurur. Beybut Abdulrəhimov (Beybut Abdulrahimov) isə artıq bir startapını satmış təsisçidir.

Panel 4: “From Innovation to Impact”
Günün son panelini “Potter Global Technologies”in FP&A direktoru Rəşid Əzimov (Rashid Azimov) aparır. Spikerlər arasında Techzone oxucularına tanış ad var: ABŞ-də uşaqlar üçün sahibkarlıq proqramı qurmuş Dilarə Rüstəmzadə (Dilara Rustamzada). “Passion Technologies”in təsisçisi olan D.Rüstəmzadə 15 ildən çoxdur texnologiya sahəsində çalışır və uğurlu exit təcrübəsi var.
Vüsal İbrahimli (Vusal Ibrahimli) “All My Taxes“i qurmazdan əvvəl Meta və BDO-da işləyib. Elçin Bayramov (Elchin Bayramov) “CFOCrew“da maliyyə üçün AI agentləri hazırlayır. Paneli Stanford-da aerokosmik tədqiqatçı Yaşar Koyutürk tamamlayır.

Günortadan sonra “AI Inference in Action” adlı workshop keçiriləcək. Forumu “Meta”da data mühəndisi Nigar Həmidi (Nigar Hamidi) və R.Əzimov aparır, proqram axşam qala-şam yeməyi ilə bitəcək.
Google, Meta, Microsoft və Eli Lilly-də azərbaycanlılar çoxdan çalışır. Sadəcə onların adını Bakıda az adam bilir. Bu forum həmin adları ilk dəfə bir yerdə toplayır.
