14:37
TechConnect Week ’26 Bakıda: süni intellekt həftəsi yekunlaşdı – HESABAT
“TechConnect Week ’26″da Bakıda 1 200-dən çox iştirakçı bir araya gəldi!
Noyabrın 2-dən 7-dək Bakıda keçirilən “TechConnect Week ’26” 1 200-dən çox iştirakçı qoşulub. Həftə boyu 10 universitet və liseydə süni intellekt üzrə təlimlər keçirilib, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) isə Cursor Community-nin dəstəyi ilə hakaton təşkil olunub. Həftəni “TechConnect 2026” forumu yekunlaşdırıb: o, noyabrın 7-də “Baku Events Hall”da keçib.
Təşəbbüsün şüarı “Touch the Future” olub. Məqsəd tələbələri yeni texnoloji trendlərlə tanış etmək və süni intellekt alətlərini praktikada işlətməyi öyrətmək idi. Bundan başqa, təşkilatçılar universitetlərlə texnologiya şirkətləri arasındakı əlaqəni gücləndirmək istəyirdilər.
Məktəblərdə təlimlər, ADNSU-da hakaton
Noyabrın 2-dən 6-dək davam edən təlimlərdə tələbə və şagirdlər nəzəri hissədən sonra praktiki tapşırıqlar üzərində işləyiblər. Onlar süni intellekt alətlərinin həm gündəlik işlərdə, həm də peşə fəaliyyətində necə istifadə oluna biləcəyini öz əlləri ilə sınayıblar.

ADNSU-dakı hakatona 100-ə yaxın şagird və tələbə qatılıb. Komandalar süni intellektdən istifadə edərək real problemlərə həll hazırlayıblar. Əsas istiqamətlərdən biri HR proseslərinin avtomatlaşdırılması olub, ona görə də təqdim olunan layihələrin çoxu CV-lərin təhlili, işə qəbul prosesinin optimallaşdırılması və namizəd bazasının idarə olunması ətrafında qurulub.

“TechConnect 2026”: beş panel
Noyabrın 7-dəki forumda beş panel keçirilib. Söhbət süni intellekt, data analitikası, kibertəhlükəsizlik, proqramlaşdırma və biznesin rəqəmsal transformasiyası ətrafında təşkil edilib. Spikerlər arasında dövlət qurumlarının, yerli və beynəlxalq şirkətlərin, startapların nümayəndələri vardı.
Açılış paneli “Artıq oyunun qaydalarını biz yazmırıq: Süni intellekt oyunun qaydalarını dəyişir” adlanıb. Moderator “Parvaz” startapının təsisçisi Aqşin Rəcəbov idi. Paneldə “GrantByte” şirkətinin əməliyyatlar üzrə baş direktoru Aydan Əliyeva, “Femigrants” təşkilatının qurucusu Aytəkin Əliyeva və Almaniyadakı “Getsafe” şirkətinin analitik mühəndisi Nicat Nəsirov çıxış ediblər.

İkinci paneldə süni intellektə düzgün sual verməkdən, texnologiyanın imkanlarından və onu məsuliyyətlə tətbiq etməkdən danışılıb. Arzu Ağazamanovanın apardığı müzakirədə “AzInTelecom” rəhbərinin müşaviri Fərid İsmayılzadə, Ədliyyə Nazirliyinin İKT departamentinin rəhbəri Qismət Qurbanov, süni intellekt və data strategiyası üzrə konsultant Kamran Ağayev, “NeuroPuls”un təsisçisi və AI mentoru Aynur Fərəcova iştirak ediblər.

Üçüncü panelin mövzusu biznesdə süni intellekt transformasiyası olub. Müzakirəni “Northwest” şirkətinin AI mühəndisi Natiq Məmişov aparıb. Spikerlər “PASHA Financial Holding”in süni intellekt texnologiyaları və data üzrə direktoru Enrike Nur, “Prodata”nın informasiya texnologiyaları üzrə direktoru Emin Ələsgərov, “Azercell”in MLOps və AI Engineering bölməsinin rəhbəri Elxan Əlizadə və “SimpleCo” şirkətinin rəhbəri, baş data scientist Kamil Ələsgərov olub.
Dördüncü paneldə süni intellektin iş, biznes və texnologiya sahələrini gələcəkdə necə dəyişəcəyi müzakirə olunub. “Proxyfy” şirkətinin data həlləri üzrə arxitektoru Emil Aydınsoy moderator, “Azerconnect Group”un AI həlləri üzrə bölmə rəhbəri Nihat Abdullayev, “Unibank”ın bölmə rəhbəri və AI üzrə mütəxəssisi Nicat Zeynalov və “AZAI TECH”in həmtəsisçisi Üzeyir Süleymanov qoşulublar.

Sonuncu panel süni intellektin müxtəlif sektorlarda tətbiqinə, data əsaslı yanaşmalara və texnoloji həllərin inkişafına həsr olunub. Google Developer Groups icmasının təşkilatçısı Malik Məmmədlinin moderatorluq etdiyi paneldə “Azərsilah” Holdinqin layihə rəhbəri Həzrət Poladov, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Data Science komandasının rəhbəri Tərlan Cəbiyev, “Keepface” şirkətinin həmtəsisçisi Vaqif Abbasov və “Unibank”ın senior mühəndisi Fariz Həsənli çıxış ediblər.
Oyunlar, tanışlıqlar və konsert
Panellər arasındakı fasilələrdə Sənan Mahmudov iştirakçılar üçün oyunlar keçirib, qaliblər “AzInTelecom”dan hədiyyə alıblar. Fasilələr tanışlıq üçün də yaxşı vaxt olub: iştirakçılar ekspertlərlə birbaşa danışa, müxtəlif şirkət və icmaların nümayəndələri ilə əlaqə qura biliblər.

Axşam forum “TechConnect Night” konserti ilə davam edib. Səhnəyə AYNABAND və VUGARIXX çıxıb.
“TechConnect” ilk dəfə 2024-cü ildə keçirilib. O vaxt təlimlər dörd universitetdə olmuşdu, tədbirlərə 1 000-dən çox adam qatılıb, ABŞ, Avropa, Türkiyə və Azərbaycandan 30-dan çox spiker çıxış edib. Bu il format genişlənib: universitet və lisey proqramı, hakaton və əsas forum bir həftəlik proqramda birləşib.
Tədbirin baş sponsoru “AzInTelecom”, SİMA, əsas təşkilatçıları “Alas Academy” və “Yusifli Tech” idi. “Techzone.az” əsas media tərəfdaşı, “Softwave” isə əməliyyat tərəfdaşı olub. Tərəfdaşlar arasında universitetlər, texnologiya icmaları və şirkətlər də yer alıb.
Ətraflı məlumat: https://techconnect.az/
