20:37
Tərtibatçılar AI ilə smart televizordakı reklamları silməyə çalışır

Tərtibatçılar süni intellekt alətləri ilə smart televizorlardakı reklamları və lazımsız tətbiqləri silməyə çalışırlar. Hazırlanan üsullar tətbiq menyusunu sürətləndirir, ana ekranı sadələşdirir və sponsorlu məzmunu gizlədir. Həmçinin izləmə funksiyalarını söndürmək, televizorda yalnız tətbiqləri və HDMI girişlərini saxlamaq olur. “dumbtv” layihəsi televizorda yalnız tətbiqlərin və HDMI girişlərinin qalması üçün hazırlanıb. “cleanyourtv” isə “Android TV” və “Google TV” cihazlarındakı lazımsız proqramları Wi-Fi bağlantısı ilə silir. Quraşdırılan ana ekran görünüşcə “Apple TV”ni xatırladır. Dəyişiklik üçün sistemə tam giriş lazım deyil və istənilən vaxt zavod parametrlərinə qayıtmaq olar. Smart televizorlarda ACR adlanan avtomatik məzmun tanıma texnologiyası var. Sistem ekran görüntüləri, səs parçaları və digər rəqəmsal izlərə baxaraq televizorda nəyin izləndiyini müəyyənləşdirir. Toplanan məlumatlar fərdiləşdirilmiş reklamların göstərilməsi üçün işlədilə bilər. İzləmə vərdişləri reklamçılarla da paylaşıla bilər. “cleanyourtv” layihəsinin yaradıcısı valideynlərinin televizorundakı reklamlardan bezdikdən sonra süni intellekt əsaslı “Claude Code” aləti ilə sadə ana ekran hazırlayıb. O, yazdığı göstərişi “GitHub”da paylaşdıqdan sonra 2 gün ərzində bir neçə min nəfər eyni üsulu öz cihazında sınayıb. Sınaqlar “Xiaomi”, “TCL”, “Sony”, “Fire TV” və “LG” modellərində, eləcə də bir neçə proyektorda aparılıb. “dumbtv” layihəsi də “Sony”, “TCL”, “Philips”, “Hisense”, “Xiaomi” və “Shield” cihazlarında yoxlanılıb. Bəzi istifadəçilər televizorun modelini “Claude Code”a yazaraq reklamları silib, ləng işləyən menyunu sürətləndirib və ekran qoruyucusunu dəyişib. Başqa bir sınaqda 25 lazımsız tətbiq söndürülüb. Həmçinin 192 MB ölçülü standart menyu 83 MB-lıq xüsusi versiya ilə əvəzlənib. Ancaq bu üsullar hələ tam hazır deyil. Süni intellekt vacib sistem proqramlarını səhvən söndürə və televizoru işləməz hala sala bilər. Risk etmək istəməyənlər “ATV Launcher”, “Projectivity Launcher” və “FLauncher” kimi hazır ana ekran tətbiqlərini seçə bilərlər.
