12:05

Texnopark rezidentlərinə 20 illik vergi güzəşti: frilanserlər də rezident ola biləcək

Prezident İlham Əliyevin 22 oktyabr 2026-cı il tarixli fərmanları ilə texnologiya sahəsində işləyənlərə və startaplara aid bir sıra qanun dəyişiklikləri təsdiqlənib. Məqsəd rəqəmsal iqtisadiyyatın inkişafını sürətləndirmək, texnoloji sahibkarlığı dəstəkləmək, xarici rəqəmsal istedadları ölkəyə cəlb etmək və innovativ məhsulların dövlət satınalmalarına çıxışını genişləndirməkdir.

Qısaca desək, texnopark rezidentləri üçün vergi güzəştlərinin müddəti 20 ilə çatır, frilanserlər və rəqəmsal səyyahlar rezident ola biləcək. Rezidentlərdə işləyənlərin əmək gəlirinə isə 20 il 0% gəlir vergisi nəzərdə tutulur. Dəyişikliklər startaplara investisiya qoyanlar üçün güzəştləri və innovasiya məhsullarının dövlət tərəfindən alınması qaydalarını da əhatə edir.

Frilanserlər və rəqəmsal səyyahlar texnopark rezidenti ola biləcək

Yeni qaydalarla frilanserlərin və rəqəmsal səyyahların texnopark rezidenti olması üçün hüquqi imkan yaradılır. Frilanser dedikdə işçi saxlamadan, mülki-hüquqi müqavilə əsasında müstəqil şəkildə ödənişli xidmət göstərən və ya iş görən şəxslər nəzərdə tutulur. Rəqəmsal səyyahlar isə informasiya və kommunikasiya texnologiyaları vasitəsilə xarici ölkələrdə məsafədən çalışan və gəlirini yalnız xarici mənbələrdən qazanan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərdir.

Rezidentlik təkcə proqram təminatı ilə işləyənlər üçün deyil. Siyahıda sistem inteqrasiyası, süni intellekt, kibertəhlükəsizlik, robototexnika, bulud və oyun texnologiyaları, eləcə də digər yüksək texnologiya sahələri var.

Təcrübəsi az olsa da, uğurlu biznes ideyası olan şəxslər üçün də rezident olmaq imkanı yaradılır. Prosedurlarda da dəyişiklik var: ekspert qiymətləndirməsinin sürətləndirilməsi, texnopark infrastrukturu və əmlak münasibətlərinin daha aydın tənzimlənməsi nəzərdə tutulur. Qeydiyyat isə “mygov biznes” üzərindən elektron qaydada aparılacaq. Bu dəyişikliklər 2027-ci il yanvarın 1-dən qüvvəyə minir.

Vergi güzəştləri 20 il davam edəcək

2027-ci il yanvarın 1-dən rezidentlik şəhadətnaməsi alan və meyarlara cavab verən texnopark rezidentləri üçün vergi güzəştlərinin müddəti 20 ilə çatır. Güzəşt müvafiq fəaliyyətdən gələn gəlir və mənfəətə, həmin fəaliyyətdən ödənilən dividendlərə, istifadə olunan əmlak və torpağa tutulan vergilərə aiddir.

Güzəştdən yararlanmaq üçün texnoparkın ərazisində olmaq şərt deyil. Texnoparkdan kənarda fəaliyyət göstərən rezidentlər də bu güzəştlərdən istifadə edə biləcək. Dəyişikliklər işçilərə də aiddir. Rezidentlərdə müvafiq fəaliyyət üzrə çalışanların əmək gəlirinə 20 il ərzində 0% gəlir vergisi tətbiq edilməsi nəzərdə tutulur. Yeni rezidentlər üçün isə həmin işçilərə görə sosial sığorta haqqı hesablanarkən mövcud seçim imkanının müddəti 10 ildən 20 ilə qalxır.

İri sahibkarlıq subyekti olan rezidentlər üçün ayrıca şərt var. Onlar güzəştlərdən ixrac göstəricilərinə və ixrac gəlirlərinin Azərbaycandakı hesablara daxil olmasına uyğun olaraq yararlana biləcək.

Tədqiqat və innovasiyaya pul xərcləyənlər üçün də yenilik var. İnnovasiya məhsullarının hazırlanmasına çəkilən müəyyən əməliyyat xərclərinin vergi tutulan gəlirdən 2,5 əmsalla çıxılması nəzərdə tutulur. Bu işlərdə istifadə olunan və ayrıca uçotu aparılan avadanlıqların amortizasiyasına isə 2 əmsal tətbiq ediləcək.

Rezidentin yaratdığı proqram təminatının, innovasiya məhsulunun və ya nou-hau inteqrasiya edilmiş avadanlığın ixracına da müvafiq vergi azadolmaları şamil olunacaq.

Startaplara investisiya qoyanlar da güzəşt alacaq

Startaplara daha çox investisiya cəlb etmək üçün akkreditə olunmuş investorların yatırdıqları vəsaitin bir hissəsini müəyyən şərtlərlə vergi tutulan gəlirdən çıxması nəzərdə tutulur.

Kraudfandinq və vençur kapitalı investisiyalarından gələn gəlirlərə, eləcə də texnopark rezidentlərinin işçilərinə pay və səhm planları çərçivəsində verilən gəlirlərə 10 illik vergi güzəşti tətbiq edilməsi isə təklif olunur.

Startaplar və texnopark rezidentləri öz işləri üçün qeyri-rezidentlərdən, yəni xaricdəki şirkətlərdən aldıqları bulud, platforma, proqram təminatı və API xidmətlərinə görə ödənişlərdə 20 il vergi və ƏDV güzəştindən yararlanacaq.

Xaricdəki qeyri-rezidentlərlə əmək müqaviləsi əsasında işləyən yüksəkixtisaslı miqrantların xarici mənbələrdən qazandığı gəlirlərin də 20 il gəlir vergisindən azad edilməsi nəzərdə tutulur.

Rəqəmsal səyyahlar üçün yeni hüquqi status

Miqrasiya Məcəlləsinə “rəqəmsal səyyah” anlayışı əlavə olunur. Bu statusa rəqəmsal texnologiyalar, süni intellekt, kibertəhlükəsizlik və innovasiya sahələrində məsafədən işləyən, gəlirini xarici mənbələrdən qazanan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər aid olacaq.

Onlar üçün işgüzar səfər vizası, müəyyən şərtlərlə isə müvəqqəti və daimi yaşamaq icazəsi almaq imkanı nəzərdə tutulur. Yaşamaq icazəsi üçün şəxs vergi uçotuna alınmalı və texnopark rezidenti kimi fəaliyyət göstərməlidir. Xaricdən sabit gəlirlə bağlı tələblər də müəyyən edilir.

Rəqəmsal səyyahların və rəqəmsal texnologiyalar sahəsində işləyən yüksəkixtisaslı miqrantların məcburi dövlət sosial sığortasına cəlb olunması ilə bağlı qaydalar da dəqiqləşdirilir.

Dövlət startapların məhsullarını necə alacaq?

Startapların, sənaye və texnologiya parkları rezidentlərinin innovasiya məhsulları ilə dövlət satınalmalarında daha çox iştirak etməsi üçün yeni mexanizmlər yaradılır.

Dəyəri 100 min manatadək olan innovasiya məhsulları ayrıca qayda ilə alınacaq. Bunun üçün ən azı üç təchizatçıdan qiymət təklifi alınmalıdır.

Ehtimal olunan qiyməti 250 min manatadək olan satınalmalarda isə innovasiya məhsullarının təkliflərinə qiymətləndirmə zamanı 20% satınalma güzəşti tətbiq olunacaq. Bu, müqavilə qiymətinin avtomatik olaraq 20% aşağı düşməsi demək deyil. Güzəşt yalnız təkliflər qiymətləndirilərkən nəzərə alınan düzəlişdir.

Texniki xüsusiyyətlərini əvvəlcədən dəqiq müəyyən etmək mümkün olmayan innovasiya məhsulları üçün pilot tətbiq mexanizmi də yaradılır. Belə məhsullar hazırlanıb real iş şəraitində sınaqdan keçirilə biləcək. Hər təchizatçı ilə bağlanan pilot müqavilə 1 milyon manatadək məbləği və 12 ayadək müddəti əhatə edəcək. Müqavilələrdə aralıq nəticələr, mərhələli ödənişlər, məlumatların qorunması, təhlükəsizlik və əqli mülkiyyət hüquqları ilə bağlı şərtlər yazılacaq.

Sahibkarlar üçün daha bir dəyişiklik yoxlamalarla bağlıdır. Dəyişikliyə əsasən, yoxlama dayandırıldığı müddətdə yoxlayıcı orqan həmin yoxlama çərçivəsində sahibkarın fəaliyyət göstərdiyi yerə gəlib yoxlama apara bilməyəcək.

Dəyişikliklər Prezidentin 27 fevral 2026-cı il tarixli 953 nömrəli sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı”nın icrası çərçivəsində hazırlanıb. Məqsəd texnoloji sahibkarlığı inkişaf etdirmək, innovasiya məhsullarının yaranmasına və investisiya cəlbinə dəstək olmaq, Azərbaycanın rəqəmsal iqtisadiyyatını daha rəqabətqabiliyyətli etməkdir.