12:23
Apple Maps ABŞ-də bəzi hərbi bazaların görüntülərini bulanıqlaşdırıb

“Apple Maps” ABŞ-dəki bəzi həssas dövlət obyektlərinin peyk görüntülərini bulanıq göstərməyə başlayıb. Dəyişiklik “NASA”, ABŞ Kosmik Qüvvələri və Hərbi Hava Qüvvələrinin bir neçə bazasına aiddir. Həmin ərazilərdə uçuş zolaqları, döyüş təyyarələri və buraxılış meydançalarındakı raketlər artıq aydın görünmür. “Apple” bununla bağlı rəsmi açıqlama verməyib. Bulanıq göstərilən obyektlər arasında Virciniyadakı “Wallops Flight Facility”, Missisipidəki “Stennis Space Center” və Floridadakı Cape Canaveral Kosmik Qüvvələr Stansiyası var. Kaliforniyadakı Vandenberg Kosmik Qüvvələr Bazası da eyni qaydada gizlədilib. Bu məkanların bəzilərində hərbi buraxılış meydançaları və məxfi peyklərlə bağlı infrastruktur yerləşir. Görüntülərin yaxın zamanda dəyişdirildiyi düşünülür. Ancaq “Apple Maps” bütün hərbi obyektləri bulanıqlaşdırmayıb. Pearl Harbor, Norfolk və Great Lakes Hərbi Dəniz Stansiyası kimi böyük donanma obyektləri hələ də aydın görünür. Eyni vəziyyət bəzi Hava Milli Qvardiyası bazalarına da aiddir. “Google Maps”də sadalanan kosmik və hərbi məkanların heç biri bulanıq göstərilmir. Gizlədilən obyektlərdən biri nüvə silahı daşıya bilən “B2” bombardmançılarının əsas hissəsinin yerləşdiyi Whiteman Hərbi Hava Qüvvələri Bazasıdır. “B-1B” bombardmançılarının olduğu Ellsworth bazası da bulanıq görünür. Ancaq bu təyyarələrin yerləşdiyi digər baza - Dyess aydın qalıb. “B-52” bombardmançılarının böyük hissəsinin saxlandığı Barksdale bazasının görüntüləri də gizlədilməyib. Kennedy Kosmik Mərkəzi və onun 2 tarixi buraxılış meydançası hələlik aydın görünür. “Wallops Flight Facility” aerodromu bulanıqlaşdırılsa da, obyektə aid buraxılış meydançaları açıq qalıb. “Area 51” adı ilə tanınan Groom Lake və Los Alamos Milli Laboratoriyası da artıq xəritədə bulanıqdır. “Apple”ın başqa dövlət obyektlərini də gizlədib-gizlətməyəcəyi və bu bazalarda xəritə ilə istiqamət tapma funksiyasının necə işləyəcəyi bilinmir.
