17:00

Azərbaycan işarə dilini süni intellektlə tərcümə edən “Chevir” TEKNOFEST-də üçüncü olub

Azərbaycan işarə dilini süni intellekt və kompüter görməsi ilə tanıyıb tərcümə edən “Chevir” startapı TEKNOFEST-dən mükafatla qayıdıb. Komanda NSosyal Sosial İnnovasiya Yarışmasının “Sosial süni intellekt” istiqamətində üçüncü yeri tutub.

Chevir

Yarışmaya 332 komanda qatılıb. “Chevir” ilkin qiymətləndirmədə 100 baldan 95 bal toplayıb və finala çıxan 22 komandadan biri olub. Finalın nəticələrinə görə startap ilk üçlüyə düşüb.

TEKNOFEST 30 sentyabrdan 4 oktyabradək Türkiyənin Şanlıurfa şəhərində keçirilib. Qaliblər üçün təşkil olunan mərasimdə “Chevir” komandasına kubok, medallar və hədiyyələr təqdim edilib.

Komanda yarışmada Azərbaycanı və Qarabağ Universitetini təmsil edib. Startapın təsisçisi Sitarə Ağayeva, texniki direktoru (CTO) Nigar Əlizadə, elmi istiqamət üzrə rəhbəri (Chief Science Officer) isə Lalə İbadullayevadır. Onlar Azərbaycan işarə dilinin süni intellektlə tanınması və tərcüməsi üzərində işini genişləndirməyi planlaşdırır.

“Chevir” necə işləyir?

“Chevir” Azərbaycan işarə dilini mətnə, mətni isə işarə dilinə çevirən süni intellekt əsaslı proqramdır. Layihə Azərbaycanda eşitmə məhdudiyyətli insanların başqaları ilə ünsiyyətini və məlumata çıxışını asanlaşdırmaq üçün hazırlanıb.

Proqram iki istiqamətdə işləyir. İşarə dilindən mətnə tərcümədə kamera əl, barmaq və mimika hərəkətlərini real vaxtda izləyir və Azərbaycan işarə dilinə (AZİD) aid işarələri qeydə alır. Süni intellekt modeli bu hərəkətləri təhlil edib işarəni tanıyır. Diqqət xəritəsi isə modelin qərar verərkən əlin hansı nöqtələrinə baxdığını göstərir. Tanınan işarələr istifadəçiyə Azərbaycan dilində mətn kimi təqdim olunur.

Əks istiqamətdə eşidən insanın yazdığı cavab işarə dilinə çevrilir və avatar onu ekranda işarələrlə göstərir. Bu funksiya hələ prototip mərhələsindədir.

Komanda bu iki funksiya ilə işarə dilində danışan insanla eşidən həmsöhbəti arasında ünsiyyəti hər iki tərəf üçün asanlaşdırmaq istəyir.