17:30
Hera zondu Yer müdafiəsi sınağında vurulan asteroidə çatdı

Avropa Kosmik Agentliyinin “Hera” zondu planetin asteroidlərdən qorunması sınağında istifadə olunan “Didymos” və “Dimorphos” asteroidlərinin yaxınlığına çatıb. Missiya “NASA”-nın “DART” zondu ilə dəyişdirdiyi orbiti yaxından araşdıracaq. Toplanacaq məlumatlar gələcəkdə Yer üçün təhlükəli asteroidlərin istiqamətini vaxtında dəyişməyin nə dərəcədə effektiv olduğunu göstərəcək. 2029-cu ilin aprel ayının ortalarında diametri 450 metr olan “Apophis” asteroidi Yerə təxminən 31 000 kilometr yaxınlaşacaq. Bu, Ayadək olan məsafədən təxminən 12 dəfə azdır və asteroidi adi gözlə görmək olacaq. Təhlükəli cismi parçalamaq əvəzinə onun sürətini azacıq dəyişmək daha təhlükəsiz sayılır. Belə olduqda asteroid Yer ilə toqquşa biləcəyi nöqtəyə gec çataraq planetdən yan keçə bilər. “Didymos” asteroidinin diametri 780 metrdir və o, öz oxu ətrafında hər 2,3 saatda bir tam dövrə vurur. Bu qədər sürətli fırlandığı üçün asteroid sabitliyini itirmə həddinə yaxındır. Diametri 151 metr olan “Dimorphos” onun ətrafında təxminən 12 saata dövr edir. “NASA” 2021-ci ilin sonunda bu asteroid cütlüyünə “DART” zondunu göndərib. Təxminən 1 il sonra zond saatda 21 000 kilometrdən çox sürətlə “Dimorphos”a çırpılıb. Alimlər toqquşmadan sonra kiçik asteroidin orbit müddətinin ən azı 1 dəqiqə azalacağını gözləyirdilər. Nəticədə orbit 33 dəqiqə qısalıb. Buna təkcə zərbə yox, səthdən qopan materialın əks istiqamətdə yaratdığı əlavə təkan da təsir edib. Toqquşmadan sonra hər iki asteroidin Günəş ətrafındakı sürəti azalıb. “Dimorphos”un arxasında uzun toz quyruğu yarandığı üçün o, qısa müddətə kometaya bənzəyib. Avropa Kosmik Agentliyi “Hera” zondunu 2024-cü ilin oktyabrında yola salıb. Marsın yaxınlığından keçən aparat 2026-cı ilin oktyabrında hədəfə yaxınlaşmağa başlayıb. İlk görüntü təxminən 1 300 kilometr məsafədən çəkilib, “Didymos”un ilk detallı təsviri isə noyabrın əvvəlində yayımlanıb. Bu, ikili asteroid sisteminin yaxından və ətraflı araşdırıldığı ilk missiya olacaq. Zond zərbə yerini və kraterin quruluşunu öyrənəcək, “Dimorphos”un dəqiq kütləsini ölçəcək. “Hera”nın lidar adlı cihazı lazerlə məsafəni ölçərək asteroidlərin səth xəritəsini hazırlayacaq. Digər cihazlar səthin kimyəvi tərkibini araşdıracaq. Kameralar 1 metrlik detalları göstərə bilən görüntülər çəkəcək. Toplanan məlumatlar kraterin yaranmasına materialın möhkəmliyinin, yoxsa cazibə qüvvəsinin daha çox təsir etdiyini anlamağa kömək edəcək. “Hera” 2027-ci ilin yanvarında “Juventas” və “Milani” adlı 2 kiçik “CubeSat” peykini buraxacaq. Hər iki peyk asteroidin səthinə enməyə çalışacaq. “Juventas” 100 metr dərinliyədək işləyən radarla “Dimorphos”un daxili quruluşunu araşdıracaq, ayrıca cihazla cazibə dəyişikliklərini ölçəcək. “Milani” səthin tərkibini öyrənəcək, toz və asan buxarlanan maddələrin izlərini axtaracaq. Əsas missiya gələn ilin yayına qədər davam etməlidir. Yerə yaxın məlum asteroidlərin sayı 2000-ci ildə cəmi 300 idi. İndi bu rəqəm 43 000-i ötüb.
