15:19

HPE-nin ventilyatorsuz kompüteri 2026-cı ilin sonunda Aya göndəriləcək

    “Hewlett Packard Enterprise” şirkətinin hazırladığı “Spaceborne Computer-4” modulu 2026-cı ilin sonunda Aya göndəriləcək. Ventilyatorsuz kompüter Ay səthində güclü hesablama sistemlərinin ilk sınaqlarını aparacaq. Modul “Astrolab”ın “FLIP” roveri ilə Ayın cənub qütbünə çatdırılacaq. Missiya “NASA”nın kommersiya yükdaşıma proqramına daxildir.HPE-nin ventilyatorsuz kompüteri 2026-cı ilin sonunda Aya göndəriləcək    “Spaceborne Computer-4” təxminən 25 sm uzunluqda və 10 sm enindədir. Qrafik kart ölçüsündə olan qurğu 2 elektron lövhədən yığılıb və daxilində 1 TB “Kioxia” yaddaşı var. Modula az enerji sərf edən əsas prosessor (CPU) və kiçik qrafik prosessor (GPU) da qoyulub. Ventilyator olmadığı üçün istilik roverin metal lövhəsinə ötürüləcək.    Kompüter HPCG və HPL adlı superkompüter testlərindən keçiriləcək. Bu sınaqlar sistemin mürəkkəb hesablamaları real iş şəraitində nə qədər sürətlə apardığını ölçür. Süni intellekt testləri böyük dil modellərini, görüntülərin təhlilini və LiDAR məlumatlarının işlənməsini əhatə edəcək. LiDAR lazer şüaları ilə ətrafı ölçən texnologiyadır. Ondan Ay səthinin xəritəsini hazırlamaq, istiqaməti müəyyənləşdirmək və relyefi araşdırmaq üçün istifadə olunacaq.    “NASA” qurğuda “FLUID” adlı neyron şəbəkəsini sınaqdan keçirəcək. Bu sistem Yer, Ay və Beynəlxalq Kosmik Stansiyadan toplanan məlumatlarla öyrədilib və 3 fərqli modeli əlaqəli şəkildə işlədəcək. Agentlik qurğudakı sənədləri anlayıb emal edən xüsusi dil modelini də yoxlayacaq. “Deloitte” şirkəti isə kiberhücumları demək olar ki, real vaxtda aşkarlayan “Silent Shield” sistemini sınayacaq.    Buraxılış 2026-cı ilin 4-cü rübündə “SpaceX”in “Falcon Heavy” raketi ilə planlaşdırılır. “Voyager Technologies” şirkətinin “Griffin-1” eniş aparatı bir neçə gün ərzində Aya çatacaq. “FLIP” roveri təxminən 14 Yer gününə bərabər olan 1 Ay günü işləmək üçün hazırlanıb. Daha sonra rover Ay gecəsini yuxu rejimində keçirməyə çalışacaq.    “HPE” kompüterin hesablama gücünü, enerji sərfiyyatını və çiplərin istehsalçılarını hələ açıqlamayıb. İlk “Spaceborne Computer” 2017-ci ilin avqustunda Beynəlxalq Kosmik Stansiyaya göndərilmiş və 1 teraflopdan yüksək hesablama gücü göstərmişdi. Təxminən 56 kq çəkidə olan həmin sistem su ilə soyudulurdu. Yeni modul daha kiçikdir və birbaşa Ay şəraitində işləmək üçün hazırlanıb.