11:18
NASA-nın Swift kosmik teleskopu 4 noyabrda Yer atmosferinə girəcək

ABŞ-nin kosmik agentliyi “NASA” təxminən 22 ildir orbitdə işləyən “Neil Gehrels Swift Observatory” teleskopunun 4 noyabrda Yer atmosferinə girəcəyini açıqlayıb. Hadisə Azərbaycan vaxtı ilə saat 12:30 radələrində gözlənilir, amma hesablamalarda təxminən 11 saatlıq yanılma payı var. Qurğunun böyük hissəsi atmosferdə yanacaq. Bəzi daxili hissələr isə Yer səthinə çata bilər.
“Swift” teleskopu idarə olunmadığı üçün onun dəqiq hara düşəcəyini əvvəlcədən hesablamaq olmur. Orbitinə əsasən, parçalar 20,6 dərəcə cənub və 20,6 dərəcə şimal enlikləri arasındakı əraziyə düşə bilər. Bu zolağın böyük hissəsi okeanlardan keçir. Afrika, Avstraliya, Hindistan, Cənub-Şərqi Asiya və Amerika qitəsinin bəzi əraziləri də həmin zolaqdadır. Mütəxəssislərin fikrincə, ümumilikdə ən azı 100 kiloqramlıq hissə atmosferdən keçərək Yerə çata bilər. “NASA” Yer üzündə kiminsə zərər görməsi ehtimalını təxminən 1/2100 kimi qiymətləndirir. Müstəqil hesablamalarda peyk parçalarının insana xəsarət yetirməsi riski adətən 1/10 000 göstərilir. Hər iki hesablamaya görə təhlükə çox aşağıdır. Bununla belə, orbitdə peyklərin sayı artdıqca onların idarəolunmaz şəkildə Yerə düşməsi ilə bağlı narahatlıq da artır. “Swift” 20 noyabr 2004-cü ildə orbitə buraxılıb və əvvəlcə cəmi 2 il işləməli idi. Teleskop 10 yanvar 2018-ci ildə astrofizik Neil Gehrelsin şərəfinə indiki adını alıb. Missiya zamanı 2000-dən çox qamma şüası partlayışı və 1400 fövqəlyeni müşahidə olunub. Teleskop 1,5 milyon ultrabənövşəyi və adi optik görüntü çəkib, 12 TB məlumat Yerə göndərib. Toplanan məlumatlardan təxminən 7000 elmi məqalədə yararlanılıb. Son illərdə Günəş fəallığının artması teleskopun orbitdən enməsini sürətləndirib. “NASA” 2025-ci ilin sentyabrında Arizonadakı “Katalyst Space Technologies” şirkətinə teleskopu daha yüksək orbitə qaldıracaq “LINK” missiyasını tapşırmışdı. Missiya 2026-cı ilin iyulunda başlasa da, idarəetmə problemlərinə görə uğursuz olub. “Swift” son müşahidəsini 20 oktyabrda aparıb. Daha sonra orbit 275 kilometrdən aşağı düşüb və atmosfer müqaviməti artıb. Buna görə teleskopun işi dayandırılıb. Alimlər enişi izləyərək teleskopun hansı hissələrinin atmosferdə əridiyini, hansı materialların isə Yerə çatdığını öyrənmək istəyirlər. Toplanacaq məlumat gələcək peyklərin daha təhlükəsiz hazırlanmasına kömək edə bilər. Araşdırmaçılar yanan peyk materiallarının atmosferin yuxarı qatlarına, ozon qatına və iqlimə necə təsir göstərə biləcəyini də araşdırırlar. Teleskopun Yerə düşməsi “NASA”-nın ən uzun astronomiya missiyalarından birini başa çatdıracaq.
