15:41
NATO Latviyada 5G qüllələri ilə dron aşkarlama sistemini sınaqdan keçirdi

“NATO” Latviyada kommersiya 5G qüllələrinə qoşulan dronlarla mübarizə sistemini sınaqdan keçirib. Tapşırıqları müstəqil yerinə yetirən süni intellekt proqramları müxtəlif hərbi sistemlər arasında əlaqə yaradıb. Məqsəd hazırkı mobil rabitə infrastrukturunun dronları aşkarlamaq və izləmək üçün işlədilib-işlədilə bilməyəcəyini yoxlamaq olub. “DiBaX 2026” adlı təlim 19-30 oktyabr tarixlərində keçirilib. Təlimdə 5G qüllələrinin uçan obyektləri, xüsusilə dronları özləri əlavə siqnal yaymadan aşkarlaması və izləməsi yoxlanılıb. Texnologiya uğurla işləsə, telekommunikasiya şəbəkələri milli təhlükəsizlik üçün də işlədilə bilər. Mobil və peyk şəbəkələrinin birlikdə işləməsi sistemin dayanıqlığını artıra bilər. Sınaqlarda kommersiya 5G şəbəkəsindən istifadənin 3 yolu yoxlanılıb. Təlimə Latviya ilə yanaşı ABŞ, Kanada, Almaniya, Finlandiya, Litva və digər müttəfiqlər qatılıb. Bəzi sınaqlar uğursuz olsa da, sistem fərqli platformaları bir-birinə bağlaya bilib. “Maven” ilə milli sistem arasındakı uyğunluq problemi süni intellekt proqramlarının köməyi ilə bir neçə saata həll edilib. ABŞ-də “AT&T” və “Ericsson” şirkətləri oxşar texnologiyanı Texas ştatının Arlinqton şəhərindəki “AT&T Stadium” ətrafında göstərib. Sistem 5G şəbəkəsinin radio siqnalları ilə eyni anda bir neçə dronu aşkarlayıb, yerini müəyyən edib və hərəkətini izləyib. Dronlar şəbəkənin əhatə dairəsində təxminən 91-122 metr yüksəklikdə uçub. Bu yanaşma gələcək 6G şəbəkələrinin əsas funksiyalarından biri sayılır. Texnologiya böyük stadionlar, ictimai məkanlar və sıx şəhər əraziləri ətrafında alçaqdan uçan təhlükələri izləmək üçün işlədilə bilər. Hazır qüllələrdən yararlanmaq əlavə avadanlıq ehtiyacını və xərcləri azalda bilər. 6G şəbəkələrinin rabitə ilə yanaşı, ətrafdakı obyektləri radio siqnalları ilə aşkarlaması da gözlənilir.
