14:35
Norveç şirkəti 3500-dən çox robotla 112 milyon qızılbalığı qoruyur

Norveçin “Stingray Marine Solutions” şirkəti qızılbalıq fermalarında dəniz bitləri ilə mübarizə aparan sualtı robotların sayını 3500-dən çoxa çatdırıb. Süni intellekt və lazerlə işləyən sistemlərin sayı son 1 ildə təxminən 1000 ədəd artıb. Norveç sahillərindəki balıq qəfəslərinin ətrafında işləyən qurğular 112 milyondan çox balığı qoruyur. Bu layihə Skandinaviyada süni intellektin biznesdə ən geniş istifadələrindən biri sayılır.
“Stingray” robotları kameralarla qızılbalıqları izləyir, süni intellektlə onların üzərindəki dəniz bitlərini müəyyənləşdirir. Daha sonra parazitləri lazerlə hədəfə alır. Sistem günün 24 saatı işləsə də, balıqlar qəfəsdə normal şəkildə üzməyə davam edir. Lazer yalnız paraziti vurduğu üçün balıqları kimyəvi vannalardan keçirməyə ehtiyac qalmır. Hazırda Norveçdə yetişdirilən qızılbalıqların 20-25%-i bu texnologiya ilə qorunur. Dəniz bitləri balıq fermalarının əsas problemlərindən biridir. Ənənəvi kimyəvi üsullarla eyni vaxtda çoxlu balığı təmizləmək olur. Ancaq bu proses balıqlarda stress yarada və ətraf mühitə zərər vura bilər. Parazitlər zamanla kimyəvi maddələrə qarşı daha dözümlü də ola bilir. Lazerli sistem kimyəvi maddə işlətmədən yalnız aşkar etdiyi bitləri məhv edir.
Şirkətin illik hesabatına görə, parazitlərdən daha yaxşı qorunan balıqlar yaxşı böyüyür və ölüm halları azalır. Fermaların ətrafında dəniz bitlərinin azalması yaxınlıqdakı vəhşi balıq populyasiyalarına da müsbət təsir göstərir. Robotların işlədiyi təsərrüfatlarda parazitlərlə qidalanan təmizləyici balıqlara ehtiyac da azalıb. Sistemi hazırlayan şirkətdə 250 nəfər çalışır. Bununla belə, texnologiyanın ilkin quraşdırılması fermalara baha başa gələ bilər. Sistem parazitlərin sayını aşağı səviyyədə saxlamaq üçün qabaqlayıcı üsul kimi daha yaxşı nəticə verir. Robotlar yalnız yerləşdirildikləri qəfəslərə nəzarət edir. Buna görə dəniz bitləri qaranlıq və bulanıq künclərdə, eləcə də robotların izləmədiyi hissələrdə toplana bilər.
