00:56
Qeyri-adi layihə: Günəş panellərinin altında ceyranlar saxlanılacaq

Səudiyyə Ərəbistanında qeyri-adi ekoloji layihə həyata keçirilir. Ölkədə fəaliyyət göstərən 250 meqavat gücündə günəş elektrik stansiyası elektrik enerjisi istehsal etməklə yanaşı, nəsli təhlükə altında olan heyvanların çoxaldılması üçün də istifadə olunur.

PV-Magazine məlumat verir ki, layihə Şahzadə Məhəmməd bin Salman Kral Təbiət Qoruğunda həyata keçirilir. 2025-ci ilin oktyabrında başlayan yeddi aylıq sınaq mərhələsindən sonra, 2026-cı ilin mayında stansiyanın ərazisinə 38 qum ceyranı yerləşdirilib. Onlardan 33-ü dişi, beşi isə erkəkdir.
Ümumilikdə 505 hektar ərazini əhatə edən günəş elektrik stansiyası üç qorunan hissəyə bölünüb. Ərazinin təxminən 370 hektarı, yəni 73 faizi heyvanların yaşaması və çoxalması üçün əlverişli hesab edilir. İlkin mərhələdə isə 66 meqavat gücündə günəş panellərinin yerləşdiyi 157 hektarlıq sahədən istifadə olunur.
Layihənin ən maraqlı xüsusiyyətlərindən biri günəş panellərinin heyvanları istidən qorumasıdır. Aparılan ölçmələrə əsasən, panellərin altındakı torpağın temperaturu birbaşa günəş işığı düşən ərazilərlə müqayisədə 5–10 dərəcə aşağıdır. Bu isə Səudiyyə Ərəbistanının isti iqlimində ceyranlar üçün daha əlverişli şərait yaradır.
Yeddi aylıq sınaqlar zamanı heyvanların günəş enerjisi infrastrukturu ilə uyğunlaşdığı müəyyən edilib. Mütəxəssislər nə ceyranların davranışlarında, nə də elektrik stansiyasının fəaliyyətində ciddi problem qeydə alıblar. Panellərin konstruksiyası heyvanların onların altında sərbəst hərəkət etməsinə imkan verir.
Ərazi yırtıcılardan qoruyan xüsusi hasarlarla əhatə olunub. Bu yanaşma qoruğun heyvan yetişdirmə imkanlarını 15 dəfə artırıb. Mütəxəssislər ceyranların sağlamlığını, davranışlarını və çoxalma prosesini davamlı izləyirlər.
Qum ceyranlarının seçilməsi təsadüfi deyil. Bu heyvanlar otlar, kol və ağac yarpaqları ilə qidalanaraq bitki örtüyünün təbii tənzimlənməsinə və toxumların yayılmasına kömək edirlər. Beləliklə, onların çoxaldılması ərazinin ekoloji tarazlığının bərpasına da xidmət edir.
Qoruq rəhbərliyinin hesablamalarına görə, günəş elektrik stansiyasında saxlanılan ceyranların sayı 2031-ci ilə qədər təxminən 600-ə çata bilər. İlk balaların isə 2026-cı ilin dekabrında dünyaya gələcəyi gözlənilir.
Mütəxəssislər bildirirlər ki, ceyranların təbiətə buraxılması üçün əvvəlcə kifayət qədər böyük və sağlam populyasiya formalaşdırılmalıdır. Qoruğun 24 500 kvadratkilometrlik ərazisində növün davamlı şəkildə bərpası üçün ən azı 500 heyvandan ibarət başlanğıc populyasiyasına ehtiyac olduğu hesablanır.
Şahzadə Məhəmməd bin Salman Kral Təbiət Qoruğu Səudiyyə Ərəbistanının ən böyük mühafizə olunan təbiət ərazilərindən biridir. Burada 15 müxtəlif ekosistem mövcuddur. Qoruğun uzunmüddətli proqramı tarixən bölgədə yaşamış 23 yerli heyvan növünün yenidən təbiətə qaytarılmasını nəzərdə tutur. Onlardan 14-ü artıq bərpa proqramına daxil edilib.
Layihə günəş enerjisi stansiyalarının yalnız elektrik istehsalı üçün deyil, həm də biomüxtəlifliyin qorunması və nəsli təhlükə altında olan heyvanların çoxaldılması üçün istifadə edilə biləcəyini göstərən maraqlı nümunədir.
