18:54
Samsung daha çox cihazı One UI 9-la yeniləməyə başlayıb

“Samsung” “One UI 9” yeniləməsini daha çox cihazda yaymağa başlayıb. Yeniliklər kamera, eyni anda bir neçə tətbiqlə işləmək, məxfilik, oyun və sənəd skanı kimi gündəlik istifadə sahələrini əhatə edir. “Quick Panel”də qaranlıq rejim ekran parlaqlığı sürgüsündən ayrılıb və ayrıca düyməyə çevrilib. İdarəetmə düymələrinin ölçüsünü dəyişmək, media vidcetini tənzimləmək və qısayolların sırasını sürükləyərək dəyişmək olur. Bu ayarlar yuxarı hissədəki “qələm” işarəsindən açılır.
Yenilənmiş kamerada 12 MP və 50 MP seçimləri qalır. Sistem bunlara 24 MP təsvir ölçüsünü də əlavə edir. Rejim “Good Lock”dakı “Camera Assistant” modulundan aktivləşdirilir və görüntü keyfiyyəti ilə yaddaş istifadəsi arasında orta seçim sayılır. Telefonu USB kabeli ilə kompüterə qoşaraq veb-kamera kimi işlətmək də olur. “My Fan Cam” süni intellektdən yararlanaraq 16:9 formatlı videonu 9:16 formatına uyğunlaşdırır. Funksiya seçilmiş şəxsi avtomatik yaxın planda saxlayır. Obyekt silgisi də fotodakı arzuolunmaz elementləri istifadəçinin işarələməsinə ehtiyac qalmadan tanıyır. “Bixby” köməkçisinə “Jestlə oyatma” seçimi əlavə olunub. Telefonu ağıza yaxınlaşdırıb danışdıqda köməkçi düyməyə toxunmadan açılır. “Home Up” modulundakı “Çoxbarmaqlı jestlər” bölməsində 2 və 3 barmaqla hərəkətlər seçmək olur. Burada 5 barmaqlı hərəkət də var və ümumilikdə 5 fərqli əməl təyin edilə bilər. “QuickStar” Wi-Fi və mobil internetin həmin andakı sürətini status sətrində göstərir. Mavi məxfilik işarəsindən hansı tətbiqin məkan məlumatına baxdığını görmək və icazəni dəyişmək olur.
Eyni anda ekranda 3 tətbiq açmaq olur. Bu yenilik xüsusilə “Galaxy Z Fold 8” kimi geniş ekranlı qatlanan modellərdə faydalı olacaq. Süni intellektlə yenilənən “Gallery” ekran görüntülərini QR kod, qəbz və təyyarəyə minik talonu kimi kateqoriyalara ayırır. Əvvəl çəkilmiş ekran görüntülərini açar sözlə də tapmaq olur.
Oyun zamanı ekranın sol kənarından sağa sürüşdürərək “Game Booster” panelini açmaq olur. Paneldən batareyaya qənaət rejimini seçmək, CPU və GPU-nun işini izləmək, ekran həssaslığını dəyişmək və ekran videosu çəkmək olar. “Now nudge” məsləhətləri artıq təkcə klaviaturada deyil, bildirişlərdə və üzən düymədə də görünür. Bunun üçün “Personal Data Intelligence” aktiv olmalıdır. Funksiya şəxsi məlumatlara geniş giriş istəyir. “Samsung”a görə, istifadəçi razılıq verməsə, məlumatlar telefonun özündə emal olunur. Sənəd skaneri də süni intellektlə yenilənib. Kamera kitab səhifələrindəki qatları, bükülmələri və əyriliyi düzəldərək daha hamar görüntü yaradır. “Barmaq silgisi” kitabı və ya sənədi tutarkən kadra düşən barmaq kölgələrini silir. Skaner parıltını və muar adlanan dalğalı naxışları da daha yaxşı təmizləyir. Bu funksiyadan tez-tez istifadə edənlər üçün ana ekrana qısayol əlavə olunub.
