08:34
Sem Altman: “Süni intellekt bəzi pis nəticələrə səbəb olacaq”

OpenAI-ın baş direktoru Sem Altman süni intellektin inkişafının müəyyən mənfi nəticələr doğurmasının qaçılmaz olduğunu bildirib. Onun fikrincə, cəmiyyət bu texnologiyanın təqdim etdiyi böyük imkanlardan faydalanmaq üçün bəzi riskləri qəbul etməlidir. Bununla belə, Altman süni intellekt üzərində insan nəzarətinin itirilməsi kimi fəlakətli ssenarilərin qəbuledilməz olduğunu vurğulayıb.

Altman Politico-nun “Decoded” proqramına müsahibəsində OpenAI və Anthropic şirkətlərinin süni intellekt təhlükəsizliyinə yanaşmalarını müqayisə edib. O, iki şirkət arasında bu məsələdə ciddi fikir ayrılıqlarının olduğunu və OpenAI-ın daha çevik tənzimləmə yanaşmasına üstünlük verdiyini bildirib.
OpenAI rəhbərinin sözlərinə görə, süni intellektin inkişafını davam etdirmək üçün onun istifadəsi nəticəsində müəyyən mənfi hadisələrin baş verə biləcəyini qəbul etmək lazımdır. Altman hesab edir ki, bütün mümkün sui-istifadə hallarını, dələduzluqları, hücumları və digər təhlükələri tamamilə aradan qaldırmaq məqsədilə texnologiyanın inkişafını məhdudlaşdırmaq düzgün yanaşma deyil.
O, insanların süni intellektdən zərərli məqsədlərlə istifadə edə biləcəyini etiraf edib. Bununla belə, Altman texnologiyanın uzunmüddətli perspektivdə cəmiyyətə gətirəcəyi faydaların mənfi nəticələrdən dəfələrlə çox olacağına inandığını bildirib.
Hazırda süni intellektin inkişafı ilə bağlı əsas narahatlıqlar arasında iş yerlərinin avtomatlaşdırılması, müəllif hüquqlarının pozulması, yanlış məlumatların yayılması, kibertəhlükəsizlik riskləri, eləcə də məlumat mərkəzlərinin yüksək enerji və su istehlakı yer alır.
Altman isə bütün risklərin qəbul edilməli olduğu fikrində deyil. O, xüsusilə fəlakətli nəticələrə səbəb ola biləcək təhlükələrin qarşısının alınmasının vacibliyini qeyd edib. Belə ssenarilərdən biri süni intellekt sistemləri üzərində insan nəzarətinin ciddi şəkildə itirilməsidir. OpenAI rəhbərinin mövqeyinə görə, daha çevik tənzimləmə yanaşması bu cür təhlükələrin gözardı edilməsi demək deyil.
Altmanın açıqlamaları süni intellektin inkişaf sürəti ilə təhlükəsizlik tədbirləri arasında tarazlığın necə qorunmalı olduğu barədə müzakirələri yenidən gündəmə gətirib.
Nyu-York Universitetinin təqaüddə olan professoru Qari Markus bu yanaşmanı tənqid edib. Onun fikrincə, texnologiya şirkətlərinin cəmiyyətdən müəyyən riskləri qəbul etməsini istəməsi həmin şirkətlərin daha çox güc və gəlir əldə etməsi naminə ictimai təhlükələrin normal qarşılanmasına gətirib çıxara bilər.
Müsahibədə Altmanın İlon Mask haqqında açıqlamaları da diqqət çəkib. Vaxtilə Mask ilə birlikdə OpenAI-ın yaradılmasında iştirak edən Altman onu “zorba” adlandırıb və bəzən ona qarşılıq verməyin lazım olduğunu bildirib. Son illərdə iki şəxs arasındakı fikir ayrılıqları məhkəmə mübahisələrinə də çevrilib.
